Məhkəmədən bildiriş gələndə bəzi insanlar onu kənara qoyur, açıb oxumağa belə tələsmir. Düşünür ki, məhkəməyə getməsə, məsələ də bağlanacaq. Təcrübə isə göstərir ki, ən çox uduzanlar məhz bu yanaşmanı seçənlər olur.
Qanun imkan verir ki, tərəf məhkəmə iclasına gəlməsə belə, işə onun iştirakı olmadan baxılsın. Yəni məhkəməyə getməmək prosesi dayandırmır. Əksinə, siz öz sözünüzü deməmiş, sübut təqdim etməmiş vəziyyətdə qərar çıxarıla bilər. Sonradan “mən iclasda olmamışam” demək qərarın qüvvəsinə təsir etmir.
Məhkəmədən gələn sənəd adi kağız deyil. Orada sizdən nə tələb olunduğu, məbləğin nə qədər olduğu, iclasın vaxtı və yeri, eləcə də etiraz vermək üçün müəyyən edilmiş müddət açıq şəkildə göstərilir. Bu müddətləri ötürmək isə vəziyyəti daha da ağırlaşdıra bilər.
Praktikada tez-tez rast gəlinən hallardan biri də budur: şəxs düşünür ki, haqlıdırsa, müdafiəyə ehtiyac yoxdur. Halbuki məhkəmə emosiyalarla deyil, sənədlə və sübutla işləyir. Haqlı olmaq kifayət etmir, haqlı olduğunu sübut etmək lazımdır.
Məhkəməyə getməmək sizi məsuliyyətdən azad etmir. Susmaq müdafiə üsulu deyil. Hüquq vaxtında reaksiya verən və öz mövqeyini bildirən şəxsi qoruyur.
Unutmayaq: məhkəmədən gələn hər bir sənəd diqqətlə oxunmalı, müddətlərə əməl edilməli və zəruri hallarda hüquqi məsləhət alınmalıdır. Çünki bəzən bir bildirişi vaxtında ciddiyə almaq illərlə davam edəcək problemin qarşısını ala bilər.
Zaur Quliyev – hüquqşünas, mediator




