Vətəndaşların gündəlik həyatında müxtəlif hüquqi münasibətlər yaranır və bəzən bu münasibətlər mübahisəyə çevrilir. Əgər tərəflər razılığa gələ bilmirsə, hüquqi mübahisənin həlli üçün məhkəməyə müraciət, yəni mülki iddia qaldırmaq vacib olur. Bəs bu proses necə həyata keçirilir?
Hansı hallarda mülki iddia qaldırmaq olar?
Mülki iddia, mülki hüquqların və maraqların qorunması üçün qaldırılır. Bunlara aşağıdakılar aiddir:
Borcun ödənilməsi ilə bağlı tələblər
Mülkiyyət hüququnun tanınması
Mənzil, torpaq, əmlak mübahisələri
Miras hüququ ilə bağlı iddialar
Müqavilə şərtlərinin pozulması
Mənəvi zərərin ödənilməsi və s.
Haraya müraciət edilməlidir?
İddia ümumi yurisdiksiyalı məhkəməyə – adətən rayon (şəhər) məhkəməsinə verilir. İddianın verildiyi məhkəmə mübahisənin xarakterindən və cavabdehin yaşadığı və ya hüquqi ünvanından asılıdır.
İddia ərizəsi necə yazılmalıdır?
İddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150-ci maddəsinə uyğun tərtib edilməlidir. Ərizədə aşağıdakılar qeyd olunur:
İddiaçının və cavabdehin adı, soyadı, ünvanı
Tələb olunan iddia və əsaslandırma
Hadisələrin ardıcıllığı və sübutlar
Əlavə edilmiş sənədlər
Ərizəçi imzası və tarix
Hansı sənədlər əlavə olunmalıdır?
Şəxsiyyət vəsiqəsinin surəti
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
Müqavilələr, yazışmalar, aktlar və digər sübutlar
Vəkalətnamə (əgər nümayəndə təqdim edirsə)
Digər zəruri sənədlər
Dövlət rüsumu nə qədərdir?
Rüsum məbləği iddianın dəyərindən və predmetindən asılı olaraq dəyişir. Məsələn, əmlak davası üçün rüsum əmlakın dəyərinə uyğun hesablanır. “dövlət rüsumu haqqında” qanuna əsasən hesablanır və bank vasitəsilə ödənilir.
Məhkəmə prosesi necə davam edir?
Ərizə qəbul olunduqdan sonra:
Cavabdehə bildiriş göndərilir
Hazırlıq iclası və əsas iclaslar keçirilir
Sübutlar araşdırılır
Məhkəmə qərarı çıxarılır
Nəticə olaraq:
Hər bir vətəndaş öz hüquqlarını qorumaq üçün mülki iddia qaldırmaq hüququna malikdir. Bu proses qanun çərçivəsində həyata keçirilir və düzgün sənədləşmə ilə uğur şansı artır.
Edliyyeinfo.az olaraq, oxucularımızı hüquqi cəhətdən maarifləndirmək üçün belə faydalı məlumatları sizinlə bölüşməkdə davam edirik. Hüquqlarınızı bilin və qoruyun!
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az