Info

Ailədaxili zorakılıq – necə sübut etməli və hara şikayət?

Ailə daxili zorakılıq – yalnız fiziki deyil, psixoloji, iqtisadi və ya cinsi təzyiq formasında da ola bilər. Bu hallar ciddi hüquqi məsuliyyət yaradır və qurbanların hüquqları qanunla qorunur.

Ailə daxili zorakılıq nədir?

Zorakılıq təkcə döymək və ya fiziki təhqir deyil. Ailə daxilində aşağıdakılar da zorakılıq sayılır:

Fiziki zorakılıq – döymək, itələmək, xəsarət yetirmək

Psixoloji zorakılıq – təhqir, alçaltma, qorxutma

İqtisadi zorakılıq – puldan məhrum etmə, işləməyə qoymama

Cinsi zorakılıq – razılıqsız cinsi yaxınlıq və ya təzyiqlər

“Ailə Daxili Zorakılıq haqqında” Qanun, maddə 1 və 2

 

Zorakılığa məruz qaldınızsa, nə etməlisiniz?

Dərhal polisə məlumat verin

Zorakılıq barədə ən yaxın polis orqanına şikayət edin. Polis fakt üzrə rəsmi protokol tərtib etməlidir.

Cinayət Prosessual Məcəllə, maddə 38

Tibbi ekspertiza alın

Əgər fiziki xəsarət varsa, təcili yardım və ya poliklinikaya gedərək həkim rəyini sənədləşdirin. Bu, məhkəmə üçün mühüm sübutdur.

Şahidlər varsa – qeyd edin

Qonşular, yaxınlar və ya hadisəni görən hər kəsin ifadəsi istintaqda dəyərləndirilə bilər.

Səs və video yazılar, Whatsapp və mesajlar

Bu sübutlar da istintaq və məhkəmə zamanı hüquqi dəlil kimi təqdim oluna bilər.
Mülki Prosessual Məcəllə, maddə 82 və 83

 

Məhkəmədən “müdafiə orderi” alına bilər

Zorakılığa məruz qalan şəxs məhkəmədən müdafiə orderi tələb edə bilər. Bu sənəd zorakılıq törətmiş şəxsin:

Yaxınlaşmasını

Zəng etməsini

Evə gəlməsini
müvəqqəti qadağan edir.

“Ailə Daxili Zorakılıq haqqında” Qanun, maddə 9 və 10

 

Hüquqi məsuliyyət necə tətbiq olunur?

Zorakılıq formasından asılı olaraq:

İnzibati Xətalar Məcəlləsinə əsasən – 15 sutkayadək inzibati həbs və ya cərimə

Cinayət Məcəlləsinə əsasən – daimi fiziki zorakılıq, ağır xəsarət və ya təkrar zorakılıq hallarında cinayət işi açılır

İnzibati Xətalar Məcəlləsi, maddə 158
Cinayət Məcəlləsi, maddə 133 və 128

 

Uşaq zorakılıq görürsə?

Uşaq ailə daxilində zorakılığa məruz qalırsa, bu valideyn hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə uşağın təhlükəsizliyini əsas tutaraq uşağı digər valideynə və ya müvafiq orqana verə bilər.
Ailə Məcəlləsi, maddə 64 və 70

Ailə daxili zorakılıq susqun qalmaqla yox, hüquqi müdafiə ilə həll olunur. Hər kəsin təhlükəsiz və zorakılıqsız mühitdə yaşamaq hüququ var. Əgər siz və ya tanıdığınız biri bu hallarla üzləşirsə, çəkilməyin, şikayət edin və hüquqlarınızı qoruyun.

Edliyyeinfo.az zorakılığa yox deyir – hüquqlarınızı tanıyın, müdafiə edin.

 

Hazırladı: Jalə  Asiman

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir