Edliyyeinfo.az: Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə dövlət tərəfindən təqdim edilən ünvanlı dövlət sosial yardımı bir çox ailə üçün yeganə dayaqdır. Lakin bəzən vətəndaşlar müraciət etsələr də, rədd cavabı alır və niyə belə olduğuna dair aydın cavab verilmir.
Edliyyeinfo.az bu yazıda imtina hallarında vətəndaşın hansı hüquqları olduğunu, etiraz və təkrar müraciət yollarını izah edir.
Ünvanlı dövlət sosial yardımı nədir?
Bu yardım az təminatlı ailələrin aylıq gəlirləri yaşayış minimumundan az olduqda verilir. Ailənin gəliri, tərkibi və yaşayış vəziyyəti nəzərə alınaraq qiymətləndirilir.
Sosial yardım niyə rədd olunur?
Ən çox rast gəlinən səbəblər:
Ailə üzvlərinin gəliri yaşayış minimumunu keçir
Ailə üzvlərindən biri rəsmi işdə çalışır və bu gəlir qeyd olunub
Bankda adınıza vəsait, daşınmaz əmlak və ya nəqliyyat vasitəsi var
Müraciət zamanı təqdim edilən məlumatlar uyğunsuz və ya natamamdır
İmtina edildikdə vətəndaş nə etməlidir?
1. Rəsmi imtina məktubunu tələb edin
Əgər sizə sosial yardım rədd edilibsə, rəsmi imtina qərarını yazılı şəkildə tələb edin. Bu sənəd olmadan hüquqi mübarizə başlaya bilməzsiniz.
2. İmtinanın səbəbini diqqətlə araşdırın
Qərarda qeyd edilən əsaslara diqqət yetirin:
– Ailənizin gəliri düzgün hesablanıbmı?
– Tərkibdəki şəxslər doğru qeyd olunubmu?
– Hər hansı əlavə gəlir, əmlak və ya məlumat yanlış təqdim edilibmi?
Əgər qərarda səhv və ya ədalətsiz yanaşma hiss edirsinizsə – növbəti mərhələyə keçin.
3. Etiraz ərizəsi yazın
İmtina qərarına qarşı 1 ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya DSMF-nin yerli filialına yazılı etiraz ərizəsi ilə müraciət edə bilərsiniz.
Bu ərizədə:
Şikayət etdiyiniz qərarın tarix və nömrəsini
Səbəbin haqsız olduğunu sübut edən əsaslarınızı
Təkrar qiymətləndirmə istəyinizi
qeyd etməlisiniz.
4. İkinci dəfə müraciət etmək hüququnuz var
İmtinadan 3 ay sonra vəziyyət dəyişibsə (gəlir azalıb, işdən çıxmısınız və s.), yenidən müraciət edə bilərsiniz. Əvvəlki imtina sizə əbədi sosial yardımın bağlandığı anlamına gəlmir.
5. Məhkəməyə müraciət hüququnuz var
Əgər bütün mərhələlərdən sonra da haqsızlığa uğradığınızı düşünürsünüzsə, inzibati-iqtisadi məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə qərarı ilə imtina ləğv edilə və yardım geri tarixli olaraq bərpa edilə bilər.
Nəzərə alın!
İmtina qərarını rəsmi şəkildə alınmadan hüquqi etiraz başlaya bilməz.
Əgər müraciət zamanı sistem səhvi olubsa, e-sosial.az portalındakı şəxsi kabinetinizdə müraciət tarixçəsini yoxlayın.
Yardım almaq üçün təqdim etdiyiniz məlumatlar doğru və dəqiq olmalıdır.
Edliyyeinfo.az tövsiyə edir:
Sosial yardım almaq xahiş yox, hüquqdur. Dövlətin vətəndaş qarşısındakı bu öhdəliyindən sui-istifadə, laqeydlik və ya texniki bəhanələrlə imtina edilməsinə qarşı susmayın – hüququnuzu tələb edin.
Əgər siz də bu vəziyyətlə qarşılaşmısınızsa və haqsızlıq hiss edirsinizsə, Edliyyeinfo.az sizin səsiniz ola bilər.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az