Info

Ailə başçısını itirən şəxslər hansı dövlət dəstəklərindən yararlana bilər?

Ailə başçısını itirmək – həm psixoloji, həm də maddi baxımdan ağır bir itki deməkdir. Lakin hüquqi baxımdan ailə başçısını itirən şəxslər müəyyən dövlət dəstəklərinə və hüquqi təminatlara malikdirlər. Bu yazıda edliyyeinfo.az olaraq həmin imkanları sadə və başa düşülən dildə izah edirik.

Ailə başçısını itirən kim hesab olunur?

Əgər ailənin əsas maddi təminatçısı olan şəxs vəfat edibsə (bu, rəsmi nikahda olan ər/arvad, valideyn, bəzən də övlad ola bilər), və onun vəfatından sonra ailənin gəlir mənbəyi dayanıbsa, ailə başçısını itirən statusu hesab olunur.

Dövlət tərəfindən verilən hüquqi və sosial dəstək formaları:

1. Ailə başçısını itirməyə görə pensiya

Ən əsas hüquqlardan biridir.

Əmək pensiyası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən,

Əgər vəfat edən şəxs rəsmi işləyibsə və sığorta stajına malik olubsa,

Onun ailə üzvlərinə (yetkinlik yaşına çatmayan uşaqlar, işləməyən həyat yoldaşı, əlilliyi olanlar) ailə başçısını itirməyə görə aylıq pensiya təyin olunur.

Təqdim olunmalı sənədlər:

Ölüm haqqında şəhadətnamə

Əmək kitabçası və sığorta sənədləri

Ailə tərkibini təsdiq edən sənədlər

2. Vərəsəlik hüququ və mülkiyyətin keçidi

Vəfat etmiş şəxsin adına olan:

ev,

torpaq,

bank hesabları,

avtomobil və digər əmlak
Miras kimi ailə üzvlərinə keçir.

Notariusda vərəsəlik sənədi çıxarılmalıdır. Bu hüququn həyata keçməsi üçün 6 ay ərzində müraciət edilməlidir.

3. Sosial müavinətlər və birdəfəlik yardım

Əgər vəfat edən şəxs sığortaolunmamış idisə, ailəyə birdəfəlik sosial müavinət və dövlət sosial yardım proqramları çərçivəsində dəstək verilə bilər.

Bu yardımın məbləği ölkədə müəyyən olunan dəfn xərclərinə uyğun hesablanır.

Ünvanlı sosial yardım üçün də ayrıca müraciət mümkündür.

4. Şəhid və müharibə iştirakçısı olan ailələr üçün əlavə dəstək

Əgər vəfat edən şəxs:

Şəhid olubsa

Müharibə veteranı və ya qazi idisə

Onun ailə üzvlərinə əlavə təqaüdlər, mənzil güzəştləri, müalicə, təhsil və sosial xidmətlərdə üstünlük hüququ tanınır.

5. Uşaq və yetkinlik yaşına çatmayan ailə üzvləri üçün hüquqlar

Yetkinlik yaşına çatmayan uşaqlar (18 yaşa qədər) və tələbə statusunda olanlar (23 yaşa qədər):

Öz valideyni vəfat etdikdə ailə başçısını itirməyə görə pensiya ala bilər.

Həmçinin təhsil aldıqları müəssisədə təhsil haqlarına güzəşt, dövlət təqaüdləri, psixoloji dəstək və sosial xidmətlər təklif oluna bilər.

Vacib qeydlər:

Yardım üçün müraciət etməmiş şəxslər bu hüquqlardan yararlana bilməz.

Əgər sənədlər düzgün təqdim olunmayıbsa və ya qərar gecikibsə, şikayət hüququnuz var.

İmtina halı ilə rastlaşırsınızsa, ƏƏSMN-yə və ya məhkəməyə müraciət edə bilərsiniz.

Edliyyeinfo.az xatırladır:

Ailə başçısını itirən şəxslər təkcə mənəvi yox, hüquqi baxımdan da himayəyə ehtiyac duyurlar. Dövlətin təqdim etdiyi imkanları öyrənmək və susmadan tələb etmək hər bir vətəndaşın haqqıdır.

Hazırladı: Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir