Edliyyeinfo.az olaraq bu dəfə texnologiyanın hüquqi tərəfini izah edirik: telefon danışıqları, səsyazmaları və yazışmalar məhkəmədə sübut kimi keçərlidirmi?
Bu cür sübutlar məhkəmə praktikasında tez-tez təqdim olunur, amma onların qanuni qəbul edilməsi üçün ciddi şərtlər mövcuddur.
Hüquqi əsas – sübutlar necə toplanmalıdır?
Mülki Prosessual Məcəllənin 74-cü maddəsinə görə, sübutlar yalnız qanuni yollarla əldə edildikdə məhkəmə tərəfindən qəbul olunur. Əks halda, onlar sübut kimi etibarsız sayılır.
Telefon danışıqlarını yazmaq – qanunsuz ola bilər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi və ailə sirrinin toxunulmazlığını təmin edir. Əgər bir şəxsin xəbəri və razılığı olmadan onun telefon danışığı və ya səsyazısı qeydə alınıbsa, bu şəxsi həyata qanunsuz müdaxilə kimi qiymətləndirilir və məsuliyyət yaradır.
Yalnız aşağıdakı hallarda səsyazmalar qanuni sayılır:
Danışığın iştirakçısı səsyazmanı öz şəxsi cihazı ilə qeydə alıbsa,
Məhkəmə qərarı və ya istintaq orqanının xüsusi icazəsi ilə dinləmə aparılıbsa,
Digər tərəfin razılığı olubsa.
Elektron sübutlar və mesajlar – hüquqi statusu
Mülki Prosessual Məcəllənin 75-ci maddəsində qeyd edilir ki, elektron daşıyıcılar vasitəsilə təqdim olunan məlumatlar (Whatsapp yazışmaları, e-maillər və s.) elektron sübut hesab olunur. Amma bu sübutların:
Kimə məxsusluğu,
Tarixi və məzmununun dəyişdirilməməsi,
Texniki doğruluğu məhkəmədə ekspertiza yolu ilə yoxlanılır.
Məhkəmə hansı hallarda imtina edə bilər?
Əgər təqdim olunan səsyazma və ya yazışma:
Gizli şəkildə əldə olunubsa,
Dəyişdirilibsə və ya montaj edilibsə,
Mübahisəli şəraitdə sübut olaraq təqdim olunursa,
məhkəmə onu etibarlı saymaya bilər.
Səsyazmalar və telefon danışıqları yalnız qanuni şəkildə əldə olunarsa və prosessual normalara uyğun təqdim olunarsa, məhkəmədə sübut kimi qəbul edilir. Əks halda, sübut deyil, cinayət tərkibli hərəkət kimi qiymətləndirilə bilər.
Edliyyeinfo.az olaraq vətəndaşlara hüquqi sübutları təqdim edərkən qanunlara tam riayət etməyi və hər zaman hüquqi məsləhət almağı tövsiyə edirik.
Hazırladı: Fatimə Elnurqızı
Edliyyeinfo.az