Info

Qohumun adında olan maşını illərlə siz idarə edirsiniz – risklər nələrdir?

Edliyyeinfo.az:  Azərbaycanda geniş yayılmış hallardan biri də budur: avtomobil rəsmi olaraq bir şəxsin – qohumun, dostun və ya tanışın – adına rəsmiləşdirilib, amma faktiki olaraq illərlə başqa biri tərəfindən idarə olunur. Sənədlər başqasının adınadır, amma məsuliyyəti, istismarı və bəzən bütün xərcləri başqa bir nəfər daşıyır. Bu görünüşdə sadə münasibət, hüquqi baxımdan ciddi risklərlə müşayiət olunur.

Avtomobilin qeydiyyat sənədində (texniki pasportda) kim qeyd olunubsa, hüquqi sahiblik də ona məxsusdur. Mülki Məcəllənin maddə 157.1-ə əsasən, mülkiyyət hüququ yalnız müvafiq qeydiyyat və rəsmi müqavilə ilə keçə bilər. Sözlə, etibarla və ya “hamı belə edir” prinsipi hüquq qarşısında keçərli deyil.

Bu vəziyyətdə hansı risklərlə üzləşə bilərsiniz?

  1. Avtomobil qəzası baş verərsə
    Sürücü kimi siz məsuliyyət daşıyırsınız. Amma avtomobilin sahibi də mülki məsuliyyətə cəlb oluna bilər. Əgər avtomobildə insan ölümü və ya xəsarət baş verərsə, hüquqi proseslərdə həm cinayət, həm də mülki məsuliyyət məsələləri ortaya çıxır. Avtomobilin sizə məxsus olmaması vəziyyəti daha da çətinləşdirə bilər.
  2. Avtomobil əlindən alınarsa (müsadirə, borc, girov və ya icra yolu ilə)
    Əgər avtomobilin rəsmi sahibi hər hansı maliyyə borcu və ya məhkəmə qərarına görə məsuliyyət daşıyırsa, həmin avtomobil sizə aid olmasa belə, əlinizdən alına bilər. Çünki hüquqi sənədlərdə mülkiyyət sahibi siz deyilsiniz.
  3. Avtomobili satmaq istədikdə
    Siz avtomobili istədiyiniz vaxt sata bilməzsiniz. Hətta avtomobili illərlə idarə etsəniz və bütün texniki, sığorta, vergi xərclərini siz ödəmiş olsanız da, rəsmi sahibi razılıq verməsə, siz bu nəqliyyat vasitəsi üzərində heç bir hüquqi əməliyyat edə bilməzsiniz.
  4. Etibarnamənin olmaması
    Əgər siz həmin avtomobili heç bir notarial etibarnamə olmadan idarə edirsinizsə, bu halda avtomobilin istismarı zamanı yol hərəkəti qaydalarının pozulması, sığorta məsələləri və ya qəza nəticəsində yaranan hüquqi ziddiyyətlər tam sizin əleyhinizə işləyə bilər. Etibarnamə yalnız sürücülük hüququnuzu deyil, eyni zamanda sizin hüquqi məsuliyyət həddinizi də müəyyən edir.

Hüquqi çıxış yolları nələrdir?

🟩 Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, tərəflər arasında rəsmi icarə müqaviləsi və ya etibarnamə əsasında istifadə hüququ verilə bilər. Ən düzgün yol avtomobili idarə etmək üçün notarial qaydada etibarnamə almaq və bütün məsuliyyət və hüquqların dairəsini orada qeyd etməkdir.

🟩 Əgər avtomobil faktiki olaraq sizə məxsusdursa, rəsmi sahibindən hədiyyə, alqı-satqı və ya etibar müqaviləsi yolu ilə mülkiyyəti öz adınıza keçirmək hüququnuzu təmin edə bilərsiniz. Əks halda gələcəkdə yaranacaq mübahisələrdə siz haqlı olsanız belə, hüquqi sənəd yoxdursa, məhkəmə də sizi qoruya bilməz.

Edliyyeinfo.az vətəndaşlara xəbərdarlıq edir:
“İllərlə idarə edirsiz” demək, mülkiyyət hüququ qazanmaq demək deyil. Hüquq yalnız yazılı sənədə əsaslanır. Risklərdən qorunmaq üçün münasibətləri rəsmi sənədlə tənzimləmək vacibdir.

Hazırladı:  Tural Kəlbəcərli

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir