Info

Valideynlər yaşadığı evi satıb başqa övladına verir – siz etiraz edə bilərsinizmi?

Edliyyeinfo.az:  Ailələrdə ən həssas və mübahisəli məsələlərdən biri də budur: valideynlər bir evi yalnız bir övladlarına bağışlayır və ya satır, digərləri isə bu qərardan narazı qalır. Bəs hüquqi baxımdan valideynin bu addımına etiraz etmək mümkündürmü?

Əvvəlcə bir məsələ aydınlaşdırılmalıdır: valideynin həyatda olduğu müddətdə əmlak üzərində tam mülkiyyət hüququ var. Yəni istədiyi vaxt evi sata, bağışlaya və ya istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə (maddə 1099, 148.1), mülkiyyətçi əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir.

Bəs digər övladlar bu satışa və ya bağışa etiraz edə bilərmi?

Valideyn həyatda olduğu müddətdə əmlakı satıb və ya bağışlayıbsa, digər övladların buna hüquqi müdaxilə imkanı yoxdur. Yəni valideynin bu qərarı şəxsi mülkiyyət hüququna əsaslandığı üçün heç bir övlad etiraz edib satışın və ya bağışın qarşısını ala bilməz.

Yalnız bu hallarda etiraz etmək mümkündür:

  1. Əqdin etibarsız olması sübuta yetirilərsə (məsələn, şəxs ruhi xəstə olub, saxtakarlıq olub və s.) – bu zaman məhkəmə qaydasında bağışlama və ya satış müqaviləsi etibarsız sayıla bilər (Mülki Məcəllə, maddə 329–333).
  2. Əgər bağışlama məcburiyyət altında baş veribsə (təzyiq, şantaj və ya aldadılma ilə) – bu da etibarsız əqdlər kateqoriyasına daxildir və hüquqi proseslə ləğv edilə bilər.

Amma valideyn həyatda olmadıqda və miras bölünməsi gedirsə, o zaman başqa məsələdir. Əgər ata və ya ana heç bir vəsiyyətnamə yazmayıbsa, Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən, bütün övladlar bərabər hüquqa malik mirasçıdır. Bu halda, bir övladın əmlaka tam sahib çıxması qanuni sayılmır və digər övladlar məhkəmə qaydasında öz paylarını tələb edə bilərlər.

Digər mühüm məsələ: Valideyn, guya “satıram” adı ilə əslində evi bir övladına bağışlayıbsa, yəni alqı-satqı formal, real ödənişsiz olubsa – bu da mübahisələndirilə bilər. Məhkəmə bu halda əqdin həqiqi mahiyyətini araşdıraraq bağışlama kimi qiymətləndirə və digər övladların mənafeyini nəzərə ala bilər.

Edliyyeinfo.az tövsiyə edir:

Valideyn həyatda olan zaman bu məsələləri aydınlaşdırmaq və mümkün qədər razılaşdırmaq daha sağlam yoldur.

Əgər ortada etibarsız əqd şübhəsi varsa, məhkəmə yolu ilə müqavilənin ləğvi və ya pay tələbi mümkündür.

Miras hüququ və bağışlama əqdləri ilə bağlı mübahisələrdə təcrübəli mülki hüquq üzrə vəkilin dəstəyi çox vacibdir.

Hazırladı: Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir