Edliyyeinfo.az: Alış-verişin ortasında bir “çıqıltı” eşidilir. Rafdan bir banka öz taleyinə boyun əyir və yerə düşür. Hamı sizə baxır, siz də bankaya. Sözsüz ki, növbəti cümlə: “Ziyanı ödəməlisiniz!”
Amma gəlin bir sual verək: hüquq baxımından siz bu ziyanı ödəməyə borclusunuzmu?
Qanun nə deyir?
Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 8-ci maddəsinə əsasən:
📌 “İstehlakçının malı seçmək və müqavilə bağlanana qədər ondan imtina etmək hüququ var.”
Yəni kassadan keçməyən, müqavilə (yəni alış) baş verməmiş mal — sizin mülkiyyətiniz sayılmır. Bu müddətə qədər malların tam məsuliyyəti satıcının (yəni marketin) üzərində qalır.
İnzibati məsuliyyət varmı?
Əgər siz malı bilərəkdən və ya qərəzli şəkildə sındırmamısınızsa, bu nə Cinayət Məcəlləsi, nə də İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaratmır.
Lakin əgər siz məhsulu qəsdən zədələmisinizsə, bu artıq Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən “zərərin ödənilməsi” məsuliyyəti yarada bilər.
📌 MM 1096.1: “Zərər yetirən şəxs bu zərəri tam şəkildə ödəməlidir.”
Amma ehtiyatsızlıqla baş veribsə – məsuliyyət sizin deyil. Market mülkiyyətinə özü nəzarət etməlidir.
Praktik olaraq nə etməli?
Hadisə baş veribsə, təmkinli olun.
Heç bir sənədə imza atmayın – bu, hüquqi öhdəlik demək ola bilər!
Sizdən pul tələb olunarsa, bunun əsasını və hüquqi sənədini soruşun.
Əks halda, 195-1 Çağrı Mərkəzinə (İqtisadiyyat Nazirliyi) şikayət edə bilərsiniz.
Edliyyeinfo.az olaraq bildiririk:
Marketdə malı təsadüfən sındırmaq cinayət deyil, borc da deyil. Əgər market düzgün yerləşdirməyibsə, məsuliyyət onların üzərindədir.
Bəzən bankanı siz yox, marketin rafı sındırır. Amma məsuliyyəti də siz daşımamalısınız!
Hazırladı: Fatimə Elnurqızı
Edliyyeinfo.az