Edliyyeinfo.az: Bugünkü dövrdə bir status, bir şərh, bir paylaşım bəzən polisə çağırılmaqla nəticələnə bilər. Bəs bu halda siz hansı hüquqlara maliksiniz? Sosial şəbəkədə yazdıqlarınıza görə polis sizi istənilən vaxt ifadə verməyə çağıra bilərmi? Və ən vacibi – nə etməli, nə etməməlisiniz?
1. Fikir və söz azadlığı – hüquqla qorunur
Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə əsasən:
“Hər kəs fikir, söz və ifadə azadlığı hüququna malikdir. Heç kəs öz fikrinə görə təqib oluna bilməz.”
Amma bu azadlıq başqalarının şərəf və ləyaqətinə, ictimai qaydaya, dövlət təhlükəsizliyinə zərər vurmadıqda keçərlidir.
2. Polis ifadəyə çağıra bilər, amma qanuni əsasla
Əgər sizin paylaşımınızda Cinayət Məcəlləsinə uyğun təhqir, böhtan, ayrı-seçkiliyə çağırış və ya dövlət quruluşuna qarşı nifrət ifadələri varsa, polis sizi şahid, mümkün şübhəli və ya inzibati məsuliyyət obyekti kimi ifadəyə çağıra bilər.
Bu halda polis çağırışı mütləq yazılı və ya rəsmi telefon zəngi ilə bildirilməlidir. Sadəcə “DM-lə çağırmaq”, “tanış vasitəsilə xəbər göndərmək” hüquqi əsas sayılmır.
3. Susmaq hüququnuz var
Əgər sizi çağırırlarsa və sizə təzyiq hiss edirsinizsə, Cinayət Prosessual Məcəlləsinin 91.5.5-ci maddəsinə əsasən:
“Şəxsin ifadə verməkdən imtina etmək və susmaq hüququ var.”
Yəni siz ifadə vermək istəmirsinizsə, bunu yazılı şəkildə bəyan edə bilərsiniz. Bu, hüquqdur və qanunla qorunur.
4. Vəkil tələb etmək – seçim deyil, hüquqdur!
Əgər sizə rəsmi protokol tərtib olunursa və ya hər hansı sual istintaq xarakteri daşıyırsa, Cinayət Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən siz vəkillə təmin olunmaq hüququna maliksiniz.
Yəni:
İfadəni vəkil olmadan imzalamaq məcburi deyil.
Siz istəsəniz, vəkil çağrılmalıdır.
5. Sosial şəbəkədə yazdıqlarınız hansı hallarda cəzaya səbəb ola bilər?
Əgər paylaşım:
Başqasını təhqir və böhtan edirsə – CM 147 və 148
Etnik, dini və ya irqi nifrət yayırsa – CM 283
Dövlət sirrini yayırsa və ya təhqir edirsə – CM 284 və 323
Açıq çağırışlar edirsə (zorakılığa, itaətsizliyə) – CM 281
Bu hallarda cinayət və ya inzibati məsuliyyət yarana bilər. Əgər paylaşım sadəcə narahat edicidirsə, bu, hüquqi məsuliyyət daşımır və siz bunu əsaslı şəkildə müdafiə edə bilərsiniz.
Edliyyeinfo.az olaraq bildiririk:
Sosial media ifadə platformasıdır, amma “virtualdır” deyə hüquqsuz deyil, “ifadə azadlığıdır” deyə sərhədsiz deyil. Əgər çağırılırsınızsa:
Rəsmi sənəd tələb edin,
Susmaq və vəkil istəmək hüququnuzdan istifadə edin,
Qanunu bilin – qorxmaq yox, məlumatlı olmaq sizi güclü edir.
Hazırladı: Asiman Əsədsoy
Edliyyeinfo.az