Əmlak mübahisələri və Ailə Məcəlləsinin 32 və 33-cü maddələri ilə izah
Əmək, sevgi və ümidlə qurulan ailələrdə bəzən boşanma da həyatın reallığına çevrilir. Amma ailə sona çatsa da, əmlak məsələləri uzun sürən məhkəmə mübahisələrinə çevrilə bilər. Xüsusilə də nikahdan əvvəl alınan evin taleyi ilə bağlı suallar çoxdur.
Edliyyeinfo.az bu suala Ailə Məcəlləsi və hüquqi praktika əsasında aydınlıq gətirir.
Qanun nə deyir?
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 32. Ailənin ümumi əmlakı:
“Nikah dövründə ər-arvad tərəfindən əldə edilən əmlak onların ümumi mülkiyyəti hesab olunur.”
Maddə 33. Ər-arvadın şəxsi əmlakı:
“Nikaha qədər hər birinin malik olduğu əmlak, nikah dövründə hədiyyə və ya miras yolu ilə əldə etdiyi əmlak, eləcə də şəxsi istifadəyə yarayan əşyalar ər-arvadın şəxsi mülkiyyəti hesab olunur.”
Yəni əgər ev nikaha qədər alınıbsa, bu, şəxsi mülkiyyətdir və bölünməyə tabe deyil.
Bəs ev bir yerdə yaşadıqları dövrdə təmir olunubsa və ya kredit ödənilibsə?
Bu zaman məhkəmə Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, əmlaka ər-arvadın hər birinin ümumi əmlakın artırılmasına verdiyi töhfəni nəzərə ala bilər.
Maddə 34. Ümumi əmlakın bölünməsi zamanı ər-arvadın paylarının müəyyən edilməsi:
“Ümumi əmlakın bölünməsi zamanı məhkəmə, ər-arvadın hər birinin ailənin ümumi əmlakının əldə edilməsinə və ya qorunub saxlanılmasına verdiyi töhfəni nəzərə alaraq, onların paylarını bərabər olmayan şəkildə müəyyən edə bilər.”
Deməli, əgər qarşı tərəf (məsələn, qadın və ya kişi) sübut edirsə ki, bu evə kredit ödəmiş, təmir etmiş, xərclər çəkmişdir, məhkəmə onun xeyrinə əmlakda pay təyin edə bilər.
Amma bu töhfə mütləq sübut olunmalıdır. (Qəbz, bank çıxarışı, şahid ifadəsi və s.)
Ev kiminsə adına rəsmiləşibsə kimin sayılır?
Əgər ev yalnız bir şəxsin adına çıxarışla rəsmiləşibsə, o, hüquqi mülkiyyətçidir və bu qeydiyyat əvvəlcədən dəyişməyəcək. Digər şəxs yalnız məhkəmə yolu ilə sübut edərsə, əmlakda pay tələbi edə bilər.
Nikahdan əvvəl ipoteka ilə alınıbsa – necə olur?
Əgər ipoteka müqaviləsi nikahdan əvvəl bağlanıb, lakin ödənişlərin əsas hissəsi nikah dövründə həyata keçirilibsə, bu zaman məhkəmə bu amili nəzərə ala bilər.
Ödəniş ailənin ümumi vəsaiti ilə edilibsə, o halda evin müəyyən hissəsi ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
Amma yenə də hər şey sübuta əsaslanmalıdır. Təmir xərci, kredit ödənişi, ailə vəsaiti – hamısı sənədlə təsdiqlənməlidir.
Bəs hədiyyə və ya miras olan ev necə?
Burada məsələ qətidir:
Əgər ev valideynlər tərəfindən hədiyyə olunubsa, yaxud miras qalıbsa, bu, şəxsi mülkiyyətdir.
Nikahdan əvvəl də, sonra da olsa – Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən, bu əmlak bölünmür.
Nikahdan əvvəl alınan ev birmənalı şəkildə şəxsi mülkiyyətdir – istisna yalnız sübut edilmiş töhfələrdir.
Əmlak bölünməsi zamanı kimin adına rəsmiləşdirildiyi, kimin nə qədər maliyyə qatqısı verdiyi əsas götürülür.
Məhkəmə yalnız sübutlara əsasən qərar verir – emosiya deyil, sənəd danışır.
Edliyyeinfo.az olaraq tövsiyəmiz:
Ailə həyatı qurmazdan əvvəl əmlak məsələlərini hüquqi sənədlərlə tənzimləmək gələcəkdə çətin və uzun məhkəmə proseslərinin qarşısını ala bilər.
Nikah müqaviləsi bu işdə sizin hüquqi sipəriniz ola bilər.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az