Edliyyeinfo.az: Son illər kredit borcu məsələləri ilə bağlı məhkəmələrə müraciətlərin sayı artıb. Xüsusilə borclunun ölməsi və ya borcu ödəyə bilməməsi halında ailə üzvlərinin məsuliyyət daşıyıb-daşımadığına dair suallar gündəmə gəlir. Bəs qanun bu barədə nə deyir?
Borc şəxsi öhdəlikdir
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1259.1-ci maddəsinə əsasən, fiziki şəxsin öhdəlikləri yalnız həmin şəxsə aiddir. Yəni şəxs hansısa bankdan və ya maliyyə qurumundan kredit götürmüşdürsə, bu borc yalnız onun məsuliyyətidir. Ailə üzvləri, həyat yoldaşı və ya övladlar bu borca görə məsuliyyət daşımırlar.
İstisna hal: Zaminlik və birgə borclanma
Əgər ailə üzvü rəsmi şəkildə kredit müqaviləsində zamin və ya birgə borcalan kimi qeyd olunubsa, artıq məsuliyyət daşıyır. Bu, Mülki Məcəllənin 1323–1326-cı maddələri ilə tənzimlənir. Zamin borclu ödəniş etmədiyi halda, borcu onun əvəzindən ödəməyə borcludur.
Borclunun ölümü və vərəsə məsuliyyəti
Əgər borclu vəfat edibsə və onun əmlakı vərəsələrə keçibsə, həmin borclar da məhdud şəkildə vərəsələrə keçir. Yəni, vərəsə mirası qəbul edibsə, Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən, borcu yalnız mirasın dəyəri qədər ödəməlidir. Məsələn, 5 min manatlıq əmlak miras alınıbsa, maksimum bu qədər borc öhdəliyi yarana bilər.
Ailə üzvlərinin maaşı və əmlakı müsadirə oluna bilərmi?
Əgər onlar kredit müqaviləsində iştirak etməyiblərsə – xeyr. Heç bir bank ailə üzvünün maaşına və ya əmlakına əl qoya bilməz. Bu yalnız həmin şəxsin adında rəsmi öhdəlik olduqda mümkündür.
Kredit borcu şəxsi öhdəlikdir. Ailə üzvləri yalnız zamin və ya birgə borcalan olduqları halda məsuliyyət daşıyırlar. Əks halda, onların maaşı və əmlakı risk altında deyil. Daha ətraflı hüquqi izah və oxşar məsələlərlə bağlı məlumatları Edliyyeinfo.az saytından oxuya bilərsiniz.
Hazırladı: Fatimə Elnurqızı
Edliyyeinfo.az