Edliyyeinfo.az: Valideynlərin təhsil müəssisələri ilə münasibətləri yalnız övladlarını gətirib-götürməkdən ibarət deyil. Hər bir valideynin uşaq bağçalarında və məktəblərdə qanunla qorunan hüquqları mövcuddur. Bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Qanun, “Məktəbəqədər təhsil haqqında” Qanun və digər normativ hüquqi aktlarla müəyyən olunub.
1. Təhsilin keyfiyyətinə nəzarət hüququ
Valideyn övladının təhsil aldığı müəssisədə tədrisin səviyyəsini və şəraitini yoxlamaq, rəy bildirmək hüququna malikdir.
Hüquqi əsas:
AR “Təhsil haqqında” Qanun, maddə 30.1.4 – valideynin təhsilin keyfiyyəti ilə bağlı fikirlərini ifadə etmək və təklif vermək hüququ var.
2. Müəllimlə və rəhbərliklə əlaqə saxlamaq hüququ
Valideynlər müəllimlər və təhsil müəssisəsinin rəhbərliyi ilə birbaşa görüşmək, övladlarının davranışı və nailiyyətləri barədə məlumat almaq hüququna malikdirlər.
Hüquqi əsas:
AR “Təhsil haqqında” Qanun, maddə 30.1.6 – pedaqoji heyətlə əməkdaşlıq etmək hüququ.
3. Maddi yardım və əlavə ödənişlərlə bağlı şəffaflıq tələb etmək hüququ
Heç bir məktəb və ya bağça valideyndən könüllü ianə və ya “fond” adı altında məcburi pul yığa bilməz.
Hüquqi əsas:
AR “Təhsil haqqında” Qanun, maddə 13.4 – təhsilin dövlət hesabına və ödənişsiz təmin olunduğu hallar;
AR Cinayət Məcəlləsi, maddə 311 – rüşvət alma (əgər icbari pul yığımı rəsmi şəkildə qanunsuz tələb olunursa).
4. Təhsilin məzmunu və metodikasına münasibət bildirmək
Valideyn tədris prosesində istifadə olunan materiallara münasibət bildirmək, əgər uşağın psixoloji və fiziki sağlamlığına zərər vurursa, bu barədə etiraz etmək hüququna malikdir.
Hüquqi əsas:
AR “Uşaq hüquqları haqqında” Qanun, maddə 8 və 9 – uşağın inkişafına mane olan hərəkət və ya davranışlara qarşı tədbir görülməsi.
5. Təhlükəsizlik və sağlamlıq şəraitinə nəzarət
Valideynin hüququ var ki, övladının təhsil aldığı yerdə gigiyenik, texniki və təhlükəsizlik normalarının gözlənilməsini tələb etsin.
Hüquqi əsas:
AR “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları.
Valideynlər bu hüquqları bilməklə yalnız övladlarının daha yaxşı təhsil almasını təmin etmir, eyni zamanda təhsil sistemində şəffaflıq və qanunçuluğa da töhfə verirlər.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az