Edliyyeinfo.az: Evlərin, mənzillərin ipoteka ilə alınması artıq geniş yayılmış təcrübədir. Amma ipoteka krediti vaxtında ödənilmədikdə nə baş verir? Bank vətəndaşın əmlakını dərhal əlindən ala bilərmi? Bu proses hüquqi olaraq necə tənzimlənir?
İpoteka dedikdə nə nəzərdə tutulur?
Azərbaycan Respublikasının İpoteka haqqında Qanununa əsasən, ipoteka – borclunun və ya üçüncü şəxsin mülkiyyətində olan daşınmaz əmlakın borcun icrasını təmin etmək məqsədilə girov qoyulmasıdır (maddə 2).
Bu əmlak ipoteka predmeti sayılır və borc ödənilmədiyi halda, kreditor (yəni bank) bu əmlaka iddia qaldıra bilər.
İpoteka krediti ödənilmədikdə bank nə edə bilər?
Əgər borcalan kredit öhdəliklərini yerinə yetirmirsə, İpoteka haqqında Qanunun 28-ci maddəsinə əsasən bank aşağıdakı addımları ata bilər:
1. Əmlakın məhkəmə qaydasında satışını tələb edə bilər
Bank əvvəlcə borcalana xəbərdarlıq edir. Əgər bu xəbərdarlığa baxmayaraq borc ödənilmirsə, məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarına əsasən əmlak satışa çıxarıla bilər.
2. Əmlakın məhkəməsiz satışını həyata keçirə bilər
Əgər ipoteka müqaviləsində bu bənd varsa və tərəflər razılaşıblarsa, banka əmlakı birbaşa satmaq hüququ verilir. Bu zaman icraçı məmur vasitəsilə satış həyata keçirilir.
Borclunun hüquqları nələrdir?
İpoteka sahibi (borcalan və ya girov qoyan şəxs):
İcra prosesinə qarşı məhkəməyə müraciət edə bilər (AR Mülki Prosessual Məcəllə, maddə 371).
Əmlakının dəyərinin aşağı qiymətləndirildiyini sübut edərsə, satış dayandırıla bilər.
Borcu müəyyən müddətə təxirə salmaq üçün bankla razılaşa bilər.
İcra prosesi necə aparılır?
Əgər məhkəmə qərarı varsa, “İcra haqqında” Qanunun 24-cü maddəsinə əsasən, bu qərarın icrası məcburidir. İcra məmuru borcalanı rəsmi bildirişlə xəbərdar edir və qanunla müəyyən edilmiş müddətdə əmlakın boşaldılması və ya satışı həyata keçirilir.
Banklar bəzən borclunun razılığı olmadan, ilkin xəbərdarlıq etmədən addım atır ki, bu da qanun pozuntusudur.
Borc ödənmədiyi halda, ipoteka predmeti olan evin satılması mümkündür, lakin bu mülkiyyət hüququnun tamamilə itirilməsi demək deyil – borc bağlandıqdan sonra fərq varsa, bu borcalana qaytarılmalıdır.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az