Info

Borc müqaviləsi olmadan verilmiş pulun geri alınması: hüquqi əsaslar və sübut məsələsi

Edliyyeinfo.az:  Cəmiyyətdə tez-tez rast gəlinən hallardan biri də yazılı müqavilə bağlamadan, sadəcə şifahi razılaşma əsasında bir şəxsin digər şəxsə borc verməsidir. Bu tip münasibətlər xüsusilə yaxın qohumlar, dostlar və tanışlar arasında baş verdiyindən tərəflər yazılı sənədləşməyə ehtiyac duymurlar. Lakin borc qaytarılmadıqda bu məsələ hüquqi problemə çevrilir və borc verən şəxs pulu necə geri ala biləcəyini bilmədikdə çətinlik yaranır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Əgər borc müqaviləsinin məbləği üç min manatdan çoxdursa və ya iştirakçılardan biri hüquqi şəxsdirsə, bu müqavilə mütləq yazılı formada bağlanmalıdır. Bu tələb yerinə yetirilmədikdə, mübahisə zamanı borcun mövcudluğunu sübut etmək xeyli çətinləşir.

Yazılı müqavilə olmadıqda, borcun verilməsi və şərtlərinin sübut olunması üçün alternativ sübut vasitələrindən istifadə etmək mümkündür. Bunlara bank köçürməsi sənədləri, elektron yazışmalar (məsələn, “WhatsApp”, e-mail və s.), səs yazıları, videomateriallar, eləcə də etibarlı şahid ifadələri daxil ola bilər. Əgər pul nağd qaydada verilibsə və bu barədə hər hansı iz qoyulmayıbsa, borcun sübuta yetirilməsi yalnız şahid ifadələri ilə mümkündür ki, bu da məhkəmə tərəfindən həmişə qənaətbəxş sübut kimi qəbul olunmur.

Mülki Prosessual Məcəlləyə əsasən, iddiaçı iddiasını sübut etməlidir. Yəni borc verən şəxs pulu verdiyini və qarşı tərəfin onu qaytarmadığını məhkəməyə sübut etməlidir. Əgər bu sübutlar təqdim olunmazsa və qarşı tərəf borcun verildiyini inkar edərsə, iddianın təmin olunma ehtimalı azalır. Məhz bu səbəbdən, tərəflər arasında istənilən borc münasibəti zamanı yazılı müqavilənin bağlanması hüquqi risklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Əgər borcun verildiyi fakt sübut edilə bilirsə, borcverən əvvəlcə qarşı tərəfə yazılı şəkildə – e-poçt, mesaj və ya rəsmi məktubla müraciət edərək borcun qaytarılmasını tələb etməlidir. Bu müraciətə cavab verilmədikdə və ya borc qaytarılmadıqda, borcverən şəxs məhkəməyə müraciət edə bilər. İddia ərizəsində borcun məbləği, verilmə tarixi, qaytarılmaması faktı və sübutlar göstərilməlidir.

Qeyd olunmalıdır ki, bəzi hallarda borc müqaviləsinin predmeti puldan başqa da ola bilər. Bu zaman borcun qaytarılmasında əşyanın eyni növ, miqdar və keyfiyyətdə olması əsas götürülür. Həmçinin Mülki Məcəllənin 739.3-cü maddəsinə görə, borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və bu məbləğ nağdsız şəkildə verilmişsə, borcun verildiyi gün vəsaitin borcalanın hesabına mədaxil edildiyi gün hesab olunur.

Nəticə olaraq, yazılı müqavilə olmadan verilmiş borcun geri alınması hüquqi baxımdan mümkündür, lakin sübut bazası zəif olduqda bu, praktiki çətinliklərə səbəb ola bilər. Tərəflər arasındakı etibar, münasibətlərin yaxınlığı və ya qeyri-rəsmi razılaşmalar hüquqi baxımdan borcun sübuta yetirilməsi üçün kifayət deyil. Bu səbəbdən hər bir borc münasibəti yazılı şəkildə rəsmiləşdirilməli, ödənişlər imkan daxilində bank yolu ilə həyata keçirilməlidir. Bu, həm hüquqi müdafiəni təmin edir, həm də gələcək mübahisələrin qarşısını alır.

Hazırladı:   Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir