Qara siyahı nədir və necə yaranır?
Edliyyeinfo.az: Bank və kredit təşkilatları müştərilərlə bağlı maliyyə məlumatlarını Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə (MKRS) daxil edirlər. Bu sistem vasitəsilə vətəndaşların kredit tarixçəsi formalaşır.
Əgər kimsə kredit borcunu:
-
Vaxtında ödəmirsə
-
Əsas borcu və ya faizləri gecikdirirsə
-
Kredit şərtlərini pozursa
bu məlumat onun kredit tarixçəsində mənfi qeyd kimi qalır. Nəticədə şəxs qeyri-rəsmi olaraq “qara siyahıya” düşmüş sayılır və gələcəkdə banklardan yenidən kredit almaqda çətinlik yaşayır.
Qeyd: “Qara siyahı” anlayışı rəsmi qanunvericilikdə yoxdur, bu ifadə bank sektorunda işlədilən qeyri-rəsmi termindir. Əslində bu, sadəcə mənfi kredit tarixçəsinin olması deməkdir.
Mənfi kredit tarixçəsi necə düzəlir?
Əgər siz artıq kredit tarixçənizin pozulduğunu bilirsinizsə, bu vəziyyəti tamamilə və ya qismən bərpa etmək mümkündür. Bunun üçün:
-
Bütün gecikmiş ödənişləri bağlayın. Borc bağlansa belə, bu fakt qeyd olaraq qalır, amma banklar ödəmə niyyətini də dəyərləndirir.
-
Yeni kredit götürüb vaxtında ödəmək – Kredit tarixçəsini yaxşılaşdırmaq üçün təkrar kredit alıb onu düzgün şəkildə ödəmək ən effektiv yoldur.
-
Kredit bürosuna müraciət edin. MKRS və ya kredit reyestrlərindən öz maliyyə tarixçənizi tələb edə bilərsiniz. Əgər orada səhv məlumat varsa, onların düzəldilməsini tələb etmək hüququnuz var.
Hüquqi əsas:
Vətəndaşın məlumatlarının toplanması, saxlanılması və yayılması “Fərdi məlumatlar haqqında” Qanunla tənzimlənir. Əgər razılığınız olmadan kredit tarixçəniz paylaşılırsa və ya yanlış məlumat yayılırsa, siz məhkəməyə müraciət edə bilərsiniz.
Sizi haqsız yerə “qara siyahıya” salıblarsa nə etməlisiniz?
Bəzən belə hallar da olur ki, şəxs borcunu tam ödəyib, amma sistemdə yanlışlıq qalır və ya bank onu mənfi tarixçəli kimi göstərir.
Bu halda:
-
Bankla yazılı şəkildə müraciət edin. Düzəliş tələb edin.
-
Əgər nəticə yoxdur – Azərbaycan Mərkəzi Bankına şikayət edin.
-
Hüquqlarınız pozulubsa, məhkəməyə müraciət edə bilərsiniz.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az