Edliyyeinfo.az: Dekabr ayı ərzində Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində silsilə təlimlər keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrinin tibb xidmətində çalışan həkimlər üçün təşkil edilmiş seminar “Təxirəsalınmaz tibbi yardım və təxirəsalınmaz psixiatrik yardım” mövzusunu əhatə edib. Seminarın əsas məqsədi penitensiar müəssisələrdə fəaliyyət göstərən həkimlərin bu sahədə nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim çərçivəsində iştirakçılara təxirəsalınmaz psixiatrik yardımın əsas prinsipləri, böhran vəziyyətlərində davranış modelləri, habelə təxirəsalınmaz tibbi yardım və təməl yaşam dəstəyi mövzularında məlumatlar təqdim edilib. Mühazirələr interaktiv formatda təşkil olunub, təqdimatlar və müzakirələr əsasında həyata keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsinin əməkdaşları üçün təşkil olunmuş növbəti təlim “Məhkumlarda intihar davranışı və ona müdaxilə yanaşmaları” mövzusunu əhatə edib. Təlim zamanı risk amilləri, erkən əlamətlərin müəyyən edilməsi, həmçinin mümkün halların qarşısının alınmasına yönəlmiş effektiv müdaxilə mexanizmləri müzakirə olunub.
Tibb baş idarəsinin kiçik rəis heyəti üçün təşkil edilən digər təlim “Stresin idarə olunması” mövzusunu əhatə edib. Sessiya zamanı stresin yaranma səbəbləri, onun psixoloji və fiziki təsirləri, eləcə də streslə mübarizə və effektiv idarəetmə üsulları ətraflı şəkildə izah edilib.
Seminarlar Nazirliyin Tibb baş idarəsinin həkim-məsləhətçisi Fəxriyyə Quliyeva, həkim-eksperti Elmir Təhməzov və idarənin poliklinikasının psixoloqu Pərvin Quliyeva tərəfindən aparılıb.
Bu kimi təlimlər penitensiar müəssisələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, fövqəladə vəziyyətlərdə operativ və peşəkar tibbi müdaxilənin təmin olunmasına mühüm töhfə verir.





