Ədliyyə Info

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərin icbari təlimi başlayıb

Edliyyeinfo.az xəbər verir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və söhbət mərhələlərində uğur qazanmış namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim proqramı başlayıb.

Təlimin açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, nazirin müşaviri Seyfəlpaşa Əliyev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev iştirak edib.

Tədbirdə Nazirliyin kadr korpusunun peşəkar, müasir düşüncəli və geniş dünyagörüşünə malik gənclərlə formalaşdırılması, eləcə də onların davamlı inkişafı və səmərəli qulluq keçməsi məqsədilə mütəmadi müsabiqələrin keçirildiyi vurğulanıb. İcbari təlimin müasir tədris yanaşmaları və innovativ metodlar əsasında təşkil olunduğu diqqətə çatdırılıb.

Təxminən bir ay yarım davam edəcək icbari təlim çərçivəsində namizədlər üçün nəzəri dərslərlə yanaşı, praktiki məşğələlər, təcrübə və tanışlıq tədbirləri də təşkil olunacaq. Yeni və təkmilləşdirilmiş formatda hazırlanmış proqram vasitəsilə iştirakçılar icra, probasiya və qeydiyyat sahələri üzrə tabeli və yerli ədliyyə qurumlarının fəaliyyəti, habelə məhkəmələrdə icraatın təşkili qaydaları ilə yaxından tanış olacaqlar.

İcbari təlimin sonunda keçiriləcək yekun imtahandan uğur qazanan namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə təqdim ediləcək və onlar ədliyyə orqanlarında qulluğa qəbul olunacaqlar.

Qeyd edək ki, Nazirliyin Müsabiqə Komissiyası tərəfindən yekunlaşdırılan 25-ci müsabiqənin söhbət mərhələsində iştirak edən 37 namizəddən 23 nəfəri uğur qazanaraq icbari təlimlərə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir