Ədliyyə Info

Ədliyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq, onların əziz xatirəsi qarşısında baş əyiblər. Bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sarsıda bilməyib, əksinə milli birlik və mübarizə əzmini daha da gücləndirib. Həmin qanlı gecə xalqımızın tarixində həm böyük faciə, həm də qəhrəmanlıq salnaməsi kimi əbədi həkk olunub.

Ziyarət zamanı vurğulanıb ki, 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlıq bu gün müstəqil və suveren Azərbaycanın möhkəm təməlini təşkil edir. Onların müqəddəs xatirəsini yaşatmaq, gənc nəsillərə bu tarixi həqiqətləri çatdırmaq hər bir vətəndaşın borcudur.

Ədliyyə Nazirliyinin kollektivi şəhidlərin ruhuna dualar oxuyaraq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və ölkəmizin inkişafı naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir