Ədliyyə Info

Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı keçirilib

Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub.

Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər.

Onlar məhkəmə ekspertizası sahəsində müasir elmi-metodiki yanaşmaların tətbiqinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsinin və elmi nəticələrin praktiki fəaliyyətə inteqrasiyasının hüquq sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin hüquq-mühafizə orqanları, elmi-tədqiqat müəssisələri və ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin bu sahənin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Təqdim olunan nəşrlər məhkəmə-ballistik və məhkəmə-portret ekspertizaları, audio-video yazıların məhkəmə ekspertizası, yanğın və narkotiklərlə bağlı tədqiqat metodikaları, özəl məhkəmə ekspertləri üçün təlim proqramı, ekspert profilaktikasına dair məlumat kitabçası və metodik tövsiyələr, həmçinin “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” elmi əsərlər məcmuəsinin 69 və 70-ci buraxılışlarını əhatə edib.

Təqdimatlardan sonra metodiki yanaşmaların praktiki tətbiqi və məhkəmə ekspertizası sahəsinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın məhkəmə ekspertizası sahəsində ilk kompleks normativ-hüquqi sənəd olduğu qeyd olunub və bu sənəd dövlətin sözügedən sahəyə göstərdiyi diqqətin bariz nümunəsi kimi dəyərləndirilib.

Tədbirdə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Vəkillər Kollegiyası, habelə Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri, həmçinin bir sıra ali təhsil müəssisələrinin hüquq və kriminalistika üzrə ixtisaslaşmış kafedralarının professor-müəllim heyəti, vəkil və hüquqşünaslar iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir