Info

Peşəkar mediator reklam etmir – etimad yaradır

Edliyyeinfo.az:  Cəmiyyət inkişaf etdikcə mübahisələrin həlli üsulları da dəyişir. İnsanlar artıq uzunmüddətli məhkəmə çəkişmələri əvəzinə daha çevik, psixoloji baxımdan rahat və münasibətləri qoruyan mexanizmlərə üstünlük verirlər. Bu baxımdan mediasiya təkcə hüquqi prosedur deyil, həm də ünsiyyət, psixologiya və etibar üzərində qurulan incə bir peşə sahəsinə çevrilib.

Məhz buna görə də mediatorun fəaliyyəti klassik hüquqi xidmətlərdən fərqlənir — burada əsas kapital reklam deyil, insanın yaratdığı güvəndir. Mübahisə tərəfləri mediator seçərkən onun bannerlərini, sponsorlu paylaşımlarını yox, sözünün çəkisini, davranışının obyektivliyini və reputasiyasını qiymətləndirirlər. Bu sahədə peşəkarlıq görünmür, hiss olunur.

Edliyyeinfo.az olaraq biz tez-tez hüquqşünasların fəaliyyətində reputasiya məsələsinə toxunuruq. Çünki hüquqi sahədə ən böyük təsir aləti informasiyanın yayılması yox, etimadın formalaşdırılmasıdır. Xüsusilə mediasiya kimi həssas və məxfilik tələb edən fəaliyyət sahəsində təqdimat üsulu ayrıca əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas və mediator Zaur Quliyevin mövqeyini öyrəndim. Onun fikirləri göstərir ki, mediator üçün ən güclü marketinq strategiyası səsli reklam yox, səssiz peşəkarlıqdır.

– Zaur müəllim, mediasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün marketinq nə dərəcədə əhəmiyyətlidir?

– Bu gün marketinq anlayışı təkcə kommersiya məqsədli reklam kimi qəbul olunmamalıdır. Xidmət sahəsində, xüsusilə mediasiya kimi etimad əsaslı fəaliyyətdə şəxsi brend və reputasiya xüsusi rol oynayır. Mediator ilk növbədə güvən formalaşdırmalıdır. Çünki tərəflər mübahisələrini yalnız etibar etdikləri şəxsə həvalə edirlər.

– Mediatorun özünü təqdim etmə modeli hansı prinsiplərə əsaslanmalıdır?

– Məncə, mediatorun təqdimatı aqressiv reklam üzərində deyil, peşə etikası və dəyərlər üzərində qurulmalıdır. Neytrallıq, məxfilik, balanslı yanaşma və obyektivlik bu fəaliyyətin əsas sütunlarıdır. İctimai çıxışlar və paylaşımlar da bu xəttə uyğun olmalıdır.

– Sosial medianın rolu barədə nə deyə bilərsiniz?

– Sosial media düzgün istifadə olunduqda effektiv platformadır. Maarifləndirici məzmun, mediasiya mexanizminin üstünlükləri barədə izahlar, hüquqi savadlılığın artırılmasına xidmət edən paylaşımlar mediatorun ekspert imicini gücləndirir. İnsanlar səs-küyə deyil, dəyər yaradan mütəxəssisə üstünlük verirlər.

– Hüquqi xidmət sahəsində bəzən həddindən artıq reklam müşahidə edilir. Bu yanaşmaya münasibətiniz necədir?

– Mediasiya etik çərçivə tələb edən sahədir. Mübahisələri sensasiya predmetinə çevirmək və ya tərəflərin problemlərini açıq reklam vasitəsinə dönüştürmək düzgün yanaşma deyil. Peşəkar mediator sakit, ciddi və məsuliyyətli mövqe saxlamalıdır. Ən güclü təqdimat isə uğurlu nəticə və formalaşmış reputasiyadır.

– Bu sahədə fəaliyyət göstərən mediatorlar üçün hansı yanaşma daha effektiv ola bilər?

– Hesab edirəm ki, hər bir mediator ilk növbədə öz peşəkarlığını, ünsiyyət bacarığını və etik davranışını inkişaf etdirməyə diqqət yetirməlidir. Bilik və balanslı yanaşma varsa, ictimai etimad da formalaşır.

Etimad qazanan mediator artıq ayrıca reklam ehtiyacı hiss etmir, onun işi özü haqqında danışır.

Hazırladı:  Jalə Asiman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir