Edliyyeinfo.az: Müasir dövrdə mübahisələrin məhkəmədən kənar, daha sülh yolu ilə həlli cəmiyyət üçün getdikcə daha böyük əhəmiyyət qazanır. Bu baxımdan mediasiya institutu həm hüquqi, həm də sosial baxımdan mühüm rol oynayır. Mediasiyanın mahiyyəti, üstünlükləri və bu sahədə qarşılaşılan real həyat hekayələri haqqında daha ətraflı məlumat almaq üçün mediator Nərgiz Əliyeva ilə söhbətləşdik.
– Nərgiz xanım, nəcə oldu ki, bu sahəni seçmək qərarına gəldiniz?
– Mən Bakı şəhəri üzrə həm 11 saylı, həm də 24 saylı mediasiya təşkilatında işləyirəm. Bu sahəyə nəcə gəldim? Mən hüquq sahəsini çox sevirdim. Universitet seçiminində də hüququ fakültəsini seçmişdim, lakin balım çatmadığına görə ora daxil ola bilməmişdim. Bu da mənim içimdə qalmışdı. Daha sonra Azərbaycanda mediasiya yarandı və bizdə bu sahənin olduğunu eşidəndə çox sevindim. Sənədlərimi bu sahə üzrə verməyi qərara aldım. Çox qısa zamanda mənə cavab gəldi. Təlimlərə qoşuldum və işləməyə başladım. Özümü bu sahədə tapdım. Bu işi çox sevirəm. İndi anlayıram ki, insanlara yaxın olmaq, onlarla uzlaşmaq nəcə gözəl bir hissdir.
– Nəçə ildir ki, bu sahədəsiniz?
– Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
– Mediasiya hansı hallarda tətbiq olunur?
– Mediasiya mübahisələrin alternativ həll yoludur. Qanunvericiliyimiz tələb edir ki, ailə və əmək məsələləri məhkəməyə getmədən öncə mediasiyada baxılsın. Bu da insanlar üçün bir şansdır. O baxımdan şansdır ki, onlar öz mübahisəli məsələlərini məhkəməyə getmədən öncə mediasiyada danışıb öz aralarında həll edə bilərlər. Ailə və əmək məsələləri məcburidir. Amma digər məsələlər isə könüllüdür. İnsanlar digər məsələlərdə də könüllü surətdə bizə müraciət edirlər və bununla da bir növ sülh mədəniyyətini formalaşdırmış olurlar. Bizim mentalitetdə bir az ünsiyyət yetərsizliyi var. Mediasiya sayəsində insanlar öz problemlərini dilə gətirə, anlaşa və uzlaşa bilərlər. Düzdür, ailə məsələlərində nikahın pozulmasını məhkəmə təsdiqələyir. Amma uşağın himayədarlığı, uşağın kimdə qalacağı, aliment məsələsi, uşağın birinci və ikinci dərəcəli qohumlarla görüsməsi, atalığın müəyyən olunması, uşağın xaricə çıxarılması və s. məsələlərə mediasiyada baxılır. Həmçinin əmək məsələlərinə də mədiasiyada aydınlıq gətirilir.
– Sizcə, vətəndaşlar niyə məhkəməni deyil, mediasiyanı seçməlidirlər? Mediasiyanın üstünlüyü nədir?
– İlk növbədə az stress, az zaman itkisi və az xərc. Vətəndaşlar qısa zaman kəsiyində mübahisəli məsələləri sonlandıra bilirlər. Hər kəs mediasiyada razılığa gələcək kimi bir anlam yoxdur. Ən azından tərəflər üzbəüz əyləşib danışırlar və öz mövqelərini müəyyən edirlər. Təsəvvür edin ki, böyük bir şirkətdən işçi şikayət edir. Həmin şirkətin rəhbərliyi məhkəmələrə gedib öz nüfuzunu aşağı salmaqdansa, mediasiya vasitəsilə uzalaşmanı seçir. Ailə məsələlərində də bəzən baxırsan ki, ortada heç bir problem, mübahisəli məsələ yoxdur. Sadəcə olaraq, insanlar bəzi hallarda öz fikirlərini bir-birlərinə yalnış çatdırırlar. Mübahisələrin əksəriyyəti də çatdırılma üslubunun yalnışlığından yaranır. Təcrübəmdə çox görmüşəm ki, bizə boşanmaq üçün müraciət edənlər gəlib burada boşanmaq üçün saziş imzalayıblar. Bir müddətdən sonra gəlib deyiblər ki, biz ayrılmaq istəmirik. Təsəvvür edin ki, sən demə, onlar həmin vaxta qədər bir dəfə də olsun, buradaki kimi üzbəüz əyləsib dərindən söhbətləşməyiblər. Bələ barışanlar çoxdur.
– Bəs çalışdığınız illər ərzində sizi ən çox təəccübləndirən və təsirləndirən hansı hadisələr olub?
– Yaxşı yadımdadır, bu işə yeni başladığım ərəfədə bir xanım öz həyat yoldaşından ayrılmaq üçün müraciət etmişdi. Səbəb kimi isə həyat yoldaşının oyun asılılığını göstərmişdi. Əslində oğlan mənə bu oyunlara nəcə başladığını danışdı. Toydan sonra atası ona deyib ki, sənin toyuna filan qədər xərc çəkmişəm. Kredit götür və həmin xərci ödə. Oğlan da həmin ərəfədə hərbiyə yenicə düzəlibmiş. Məvacibi az olsa da, məcbur olub kredit götürüb atasına göndərib. Sonra isə maddi sıxıntılar yaşamağa başlayıb. Dostunun məsləhəti ilə bu oyunlarla qoşulub. Əvvəlcə müəyyən qədər qazanıb. Lakin müəyyən müddətdən sonra ayılıb ki, artıq bu oyunun içərisindədir. Mən həmin ailə ilə söhbət edərkən ondan soruşdum ki, siz ayrılmaq istəyirsiniz? Bəy səsini çıxartmadı, sadəcə dedi ki, xanım ayrılmaq istəyir. Mən nə edim? Onlar burada boşanmağa dair saziş imzaladılar. Amma qadın çox ağlayırdı, kişi isə özünu güclə saxlamışdı. Mən bilirdim ki, qadının hisləri var. Amma artıq öz həyat yoldaşına inanmı qalmamışdı. Onlar sazişi imzaladıqdan sonra oğlan çölə çıxdı və gördüm ki, yoldaşını gözləyir. Eşitdim, ona dedi ki, “səni aparib evə qoyum”?
Baxdım ki, bu insanları bağlayan hisslər var, ortada iki uşaq var. Sadəcə olaraq oğlanın asılılığı problem idi. Bu da mənim üçün çox maraqlı və ağrılı oldu. Bir də unutmadığım bir hadisə var. Dəməli, bir xanım övladını xaricə çıxartmağla bağlı müraciət etmişdi. Oğlanın nömrəsi yox idi. Biz onun evinə bildiriş göndərdik. Gəldi. Hələ xanım gəlməmişdi. Oğlan mənə dedi ki, Nərgiz xanım, bu xanım mənə özü niyə dəməyib ki, gəl gedək, icazəni natarusla verək. Məni bura niyə çağırıb? Mən anama etibarnamə vermişəm. Bu işlərə o baxır. Soruşdum ki, uşağın neçə yaşı var? Dedi ki, “16 yaşı var”. Dedim ki, onu görürsünüz? Dedi ki, “onu sonuncu dəfə üç yaşı olanda görmüşəm. Qorxurdum, düşünürdüm ki, onu mənə göstərməzlər”. Nə isə, xanım gəldi. Baxdım ki, sağlam düşüncəli bir xanımdır. Oğlan ondan soruşdu ki, sən məni bura çağırmadan da bu məsələni həll edə bilərdik. Xanım dedi ki, “mən anana demişdim. Lakin o demişdi ki, alimentdən altı ay imtina edin, onda uşağın xaricə çıxarılmasına razılıq verək”. Oğlan birinci şoka düşdü. Sən demə, onun heç bundan xəbəri yox imiş. Oğlanın gözu doldu və pis oldu. Mənə dedi ki, bu ailə dağılası ailə deyildi, sadəcə anam bizə çox müdaxilə edirdi. Ona görə də bələ oldu. Sonra oğlan keçmiş həyat yoldaşından oğlunu harada və necə görə biləcəyini soruşdu. Gördüm ki, bir ata olaraq ona qayğı göstərmək istəyir. Bu hadisə indi də yadıma düşəndə çox təsirlənirəm. Yəni ki, bir ana öz övladının həyatı ilə nəcə oynaya bilər? Mən gənclərə dəmək istəyirəm ki, 18 yaşı tamam olan, ailə quran hər bir kəs ailə məsuliyyətini öz üzərinə götürməyi bacarmalıdır. Çünki valideynlər ailə işlərinə qarışanda böyük probləmlər ortaya çıxır.
– Ölkədə hal-hazırda vətəndaşların mediasya ilə bağlı maariflənməsini necə dəyərləndirirsiniz?
– Çox yaxşı. Məsələn, əvvəllər biz kiməsə zəng edib mediasiyaya çağıranda bu sözün anlamını belə bilmirdilər. İndi isə təxminən yetmiş faiz insan bu qurum barədə tam məlumatlıdır. Bu da sevindirici haldır.
– Daha çox hansı məsələr mediasiya yolu ilə öz həllini tapır?
– Daha ailə-əmək mübahisələri. Məsələn, aliməntin artırılması, yaxud da aliment tələbi. Tərəflərdən biri müraciət edir, biz onu dəvət edirik və məhkəməyə gətmədən burada müəyyən saziş bağlaya bilirlər. Öz aralarında razılığa gəlirlər. Qeyd edim ki, tərəflərdən biri öz üzərinə öhdəlik götürüb yerinə yetirmədikdə məhkəməyə müraciət olunur.
– Bir mediatorun hər hansı bir məsələyə yanaşması nəcə olmalıdır?
– Bizim yanaşmamız mediasiyanın prinsiplərina əsaslanır. Bunlar qərəzsilik, müstəqillik, könüllülük və məxfiçilikdir. Qərəzsilik odur ki, tərəflərdən biri müraciət edir, biz digər tərəfə deyirik ki, sizin gəlib-gəlməməyiniz könüllüdur. Əslində bu gözəl addımdır. İnsanlar məcbur olan şeyləri sevmirlər. Amma könüllü olanda özlərini daha güvənli hiss edirlər. Qərəzsilik odur ki, biz dinindən, cinsindən, irqindən asılı olmayaraq bütün insanlara bərəbar yanaşırıq. Məxfiçilik odur ki, biz müəyyən məsələləri danışdıqda əgər cinayət tərkibli və uşaqların hüquqlarını pozacaq heç nə yoxdursa, məxfiliyi qoruyuruq. Qeyd edim ki, heç bir mediasiya otağında kamera yoxdur.
– Nərgiz xanım, sonda nə demək istərdiniz?
– İnsan var olduğu gündən bu gününə qədər mübahisələr olub, olacaq da. Mübahisələr olmasa, həyat da olmaz. Sadəcə olaraq mübahisələrin həllini doğru tapmaq lazımdır. Bizə müraciət edənlər ilk növbədə bilməlidir ki, bu məsələni həll etmək istəyir, yoxsa acıq çıxmaq istəyir. Bəzəm görürsən ki, bu addımları qisas almağa görə atırlar. Amma məsələni həll etmək üçün sağlam düşüncə ilə yanaşmaq lazımdır. Hər bir məsələnin həlli var. Lakin burada başqa bir məqam var: tərəflərdən biri mediatora müraciət edirsə, onun cəmiyyətdəki mövqeyini, ststusunu yaxşı-yaxşı araşdırmalıdır. Çünki özü mübahisələr içərisində olan bir mediator başqasının probləmlərini həll edə bilməz. Bu baxımdan mediatorun peşakarlığı çox önəmlidir. Qeyd edim ki, bizim məsləhət hüququmuz yoxdur. Seçimi və qararı vətəndaşların özlərinə buraxırıq.
Göründüyü kimi, mediasiya yalnız mübahisələrin həlli vasitəsi deyil, eyni zamanda insanlar arasında anlaşma, ünsiyyət və qarşılıqlı hörmətin bərpasına xidmət edən mühüm bir platformadır. Nərgiz Əliyevanın da vurğuladığı kimi, hər bir mübahisənin həlli var və bu həllə çatmaq üçün sağlam düşüncə, qarşılıqlı dinləmə və düzgün yanaşma əsas şərtdir. Mediasiyanın cəmiyyətdə daha geniş yayılması isə həm fərdlər, həm də ümumi ictimai münasibətlər üçün müsbət nəticələr vəd edir.
Tel: (+99499) 767 40 05
İnstagram: https://www.instagram.com/mediator_nargiz/
Jalə Asiman
Edliyyeinfo.az informasiya portalının rəhbəri





