Info Secme Xeberler

Sülhə aparan yol: Mediasiya niyə vacibdir? - Xanhüseyn  Səmədov danışır

Azərbaycanda mübahisələrin alternativ həlli mexanizmi kimi mediasiya son illərdə xüsusi əhəmiyyət qazanıb. Bu sahədə fəaliyyət göstərən peşəkar mediatorlar isə cəmiyyətin hüquqi maariflənməsində və münaqişələrin sülh yolu ilə həllində mühüm rol oynayırlar.

Edliyyeinfo.az   olaraq bu dəfə Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoru, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış təcrübəli mediator Səmədov Xanhüseyn Xanlar oğlu ilə həmsöhbət olduq. Müsahibədə mediasiyanın mahiyyəti, praktikada qarşılaşılan çətinliklər və vətəndaşlar üçün əhəmiyyəti barədə maraqlı məqamlara toxunduq.

–   lk olaraq, özünüzü və fəaliyyətinizi oxucularımıza qısa şəkildə təqdim edərdiniz.

– Mən, Səmədov Xanhüseyn Xanlar oğlu. Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoruyam və eyni zamanda mediator kimi fəaliyyat göstərirəm.

–     Mediasiya sahəsinə gəlməyiniz necə baş verdi? Bu sahəni seçməyinizin əsas səbəbi nə oldu?

– Mən uzun müddət, yəni 35 il Daxili İşlər Orqanlarında çalışmışam və xidmətkeçmənin son yaş həddində Daxili İşlər Orqanlarından təqaüdə çıxmışam. Təqaüdə çıxdığım ərəfədə cənab Prezident İlham Əliyev tərəfindən “Mediasiya haqqında Qanun” imzalandı və mən həmin qanunla tanış oldum. Artıq Azərbaycana mübahisələrin alternativ həlli kimi mediasiya fəaliyyətə başlayacaqdı və mübahisələrin həlli tərəflər arasında barışıq, sülh yaratdığı üçün bu sahə mənim diqqətimi cəlb etdi. Hesab etdim ki, bu yeni sahədə insanlara daha yaxşı xidmət edə bilərəm və ona görə də bu sahəni seçdim.

–       Praktikanızda ən çox hansı növ mübahisələrlə qarşılaşırsınız?

– Ən çox rastlaşdığım mübahisələr ailə mübahisələridir. “Mediasiya haqqında Qanun”un 28.1-ci maddəsinə əsasən tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl mütləq mediasiyaya müraciət etməlidirlər.

–       Təcrübənizdə tərəflərin razılaşmasının ən çətin olduğu hallar hansılardır?

– “Mediasiya haqqında Qanun”un 26-cı maddəsində nikahın davam etdirilməsi şərtləri öz əksini tapmışdır. Odur ki, tərəflərlə nikahın pozulması mübahisəsi üzrə mediasiya prosesi keçirilərkən, ilk əvvəl çalışıram ki, tərəflər arasında bağlanmış nikah pozulmasın və müəyyən şərtlər daxilində onlar nikahlarını davam etdirsinlər. Bəzən buna nail oluram, lakin çox çətinliklə. Elə hallar da olur ki, tərəflərin nikahlarını davam etdirərək, birlikdə yaşamaları onlara yaxşı heç nə vəd etmir və ya ailənin təhlükəsizlik prinsiplərinə toxunur. Belə hallarda, tərəflərin uşaqların maraqlarına toxunmamaq şərtilə, mübahisələrini qarşılıqlı maraqlarına uyğun həll etmələri üçün öz tövsiyyələrimi verirəm. Bu zaman çox vaxt mediasiya prosesi uğurla nəticələnərək, barışıq sazişi imzalanır. Onu da deyim ki, barışıq sazişi hüquqi sənəddir və icrası məcburidir. Barışıq sazişinin icra edilməməsi, icra etməyən tərəfin məsuliyyətə cəlb edilməsinə səbəd olur.

–         Elə bir mediasiya prosesi olubmu ki, əvvəlcə ümid az olsa da, sonda uğurla nəticələnsin?

Qısa bölüşə bilərsinizmi?

-Bəli belə hallar olur. Tərəflər öz mövqelərində möhkəm durur və bir-birlərinə güzəştə ketmək istəmirlər. İlk baxışdan adama elə gəlir ki, burada heç bir razılaşmadan söhbət gedə bilməz. Lakin problemin kökünə girib araşdırdıqdan sonra, tərəflərin üst-üstə düşən maraqları tapılır və sonda prazılaşma əldə edilərək, proses uğurla nəticələnir.

      –     Bəzən deyilir ki, mediasiya formal xarakter daşıyır. Siz bu fikirlə razısınızmı?

– Xeyir, bu fikirlə mən qətiyyən razı deyiləm. Mediasiya mübahisələrin alternativ həllidir. Yəni bu mübahisələr məhkəmədə də, mediasiyada da həll oluna bilər. Lakin mübahisələrin mediasiya vasitəsilə həlli daha sərfəli və əlverişlidir. Məhkəmədən fərqli olaraq mübahisələrin mediasiya vasitəsilə həlli sürətlidir, həm vaxta, həm də xərclərə qənaət edilir. Mediasiyada hər iki tərəfin maraqları təmin edildiyi üçün, udan və uduzan tərəf olmur və hər iki tərəf məmnun qalır.

  –       Mediatorun tam neytral qalması nə dərəcədə mümkündür? Praktikada bu necə qorunur?

– Mediator mediasiya prosesini aparan neytral şəxsdir. Əgər hər hansı mediasiya prosesi zamanı mediator görsə ki, neytrallığı saxlaya bilmir, onda o həmin mediasiya prosesindən imtina etməlidir. Çünki mediator neytallığı pozursa, onda o mediasiya prosesini heç vaxt tərəflərin ümumi maraqlarına yönəldə bilməyəcək və sonda qəbul edilmiş qərar yalnız bir tərəfin maraqlarına xidmət edə bilər. Bu isə “Mediasiya faqqında Qnun”a ziddir,

   –      Mediasiya prosesində emosional tərəflərlə işləmək nə qədər çətindir və bu vəziyyətlərdə hansı yanaşmanı tətbiq edirsiniz?

– Etiraf etmək lazımdır ki, mediasiya prosesində emosional tərəflərlə işləmək həqiqətən çətindir. Lakin belə hallarda mediator çox böyük səbr və təmkin nümayiş etdirməlidir. Eyni zamanda prosesi idarə etmək üçün mediator emosiyaları idarə etmə qabiliyyətinə malik olmalıdır. Bunun içün isə mediator həm də psixologiya üzrə də müəyyən bilgilərə malik olmalıdır. Emosiyaları idarə edə bildikdə isə mediator tərəflər arasında razılaşmaya nail olur və proses uğurla nəticələnir.

–       Hansı hallarda mediasiya effektiv olmur və mütləq məhkəmə yolu qaçılmaz olur?

– Riyaziyyatda çoxluqlar bölməsi var. Əgər iki çoxluğun ortaq elementləri yoxdursa, onda həmin çoxluqlar kəsişmir və riyazi dildə həmin çoxluqların kəsişməsi boş çoxluq adlanır.

Bunu mediasiyaya tətbiq etsək, bu o deməkdir ki, iki tərəfin üst-üstə düşən bircə dənə də maraq elementləri yoxdursa, onda bu halda mediasiyada razılaşma alınmır və mübahisə məhkəmə vasitəsilə həll edilməlidir.

–    Sonda, vətəndaşlara tövsiyəniz nə olardı: hansı hallarda mediasiyaya müraciət etmələri daha məqsədəuyğundur?

-Yaxşı olardı ki, hər bir insan öz həyatını mübahisəsiz rahat yaşasın, stresdən uzaq olsun. Lakin həyat davam edirsə, mübahisə də olacaq və hər bir mübahisənin də sivil formada həlli vardır. Bütün növ mübahisələrin həllinin sivil, qarşılıqlı anlaşma və sülh yolu ilə həlli mediasiyadan keçir. Odur ki, vətəndaşlara tövsiyyə edərdim ki, növündən asılı olmayaraq, bütün mübahisələrinin həlli üçün mediasiyaya müraciət etmələri məqsədəuyğundur.

Xanhüseyn  Səmədov ilə söhbətimiz bir daha göstərdi ki, mediasiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda insanlar arasında qarşılıqlı anlaşma və etimad körpüsüdür. Mübahisələrin sülh yolu ilə həllinə töhfə verən bu institut həm vaxt, həm də resurs baxımından vətəndaşlar üçün əlverişli imkanlar yaradır.

Ümid edirik ki, cəmiyyətdə mediasiyaya maraq və etimad daha da artacaq, insanlar münaqişələrin həllində daha çox dialoq və anlaşma yolunu seçəcəklər.

Əlaqə vasitələri: E-poçt: masalli1@mediasiya.gov.az
Mob.tel: 010-228-04-02 və 010-228-04-03

Müsahibəni təqdim etdi: Edliyyeinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir