Edliyyeinfo.az: 1991-ci ilin 18 oktyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi və bununla da xalqın uzun illər həsrətində olduğu azadlıq arzusu rəsmi sənədə çevrildi. Bu qərar ölkənin müstəqil dövlət kimi yoluna davam etməsi üçün hüquqi və siyasi əsas yaratdı.
Azərbaycan xalqı əsrlərlə müxtəlif imperiyaların tərkibində yaşasa da, heç zaman milli kimliyini və azadlıq istəyini itirməmişdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqın dövlətçilik təcrübəsini formalaşdırdı. 1991-ci ildə SSRİ-nin süqutu fonunda xalq bu tarixi təcrübəyə söykənərək bir daha öz müstəqilliyini bərpa etdi.
Konstitusiya Aktının qəbulundan sonra Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi başladı və dövlət quruculuğunun yeni mərhələsinə keçid edildi. Lakin müstəqilliyin ilk illəri çətin sınaqlarla müşayiət olundu – daxili siyasi sabitsizlik, iqtisadi çətinliklər, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqların itirilməsi və qaçqın-köçkün problemləri ölkənin qarşısında ciddi vəzifələr qoydu.
Bu çətinliklərə baxmayaraq, xalq dövlətçiliyinə sahib çıxdı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və inkişafın əsası qoyuldu. Sonrakı illərdə Azərbaycan dövləti tədricən gücləndi, ordu quruculuğu və iqtisadi islahatlar sahəsində ciddi uğurlar əldə edildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı əldə edilən tarixi Qələbə Azərbaycanın suverenliyinin təkcə siyasi və hüquqi baxımdan deyil, həm də hərbi və strateji baxımdan möhkəmləndiyini nümayiş etdirdi. Bu zəfər həm də 18 oktyabrda əsası qoyulan müstəqillik ideyalarının real nəticələrə çevrildiyini sübut etdi.
Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, güclü iqtisadi və hərbi potensiala malik dövlət kimi tanınır. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması istiqamətində davamlı addımlar atılır. Müstəqillik artıq yalnız sənəddə yox, həm də hər bir vətəndaşın gündəlik həyatında öz əksini tapır.
18 oktyabr – sadəcə tarixi bir gün deyil, həm də gələcək nəsillərə ötürüləcək böyük bir məsuliyyət və idealdır. Bu günün mahiyyəti ondan ibarətdir ki, xalq olaraq müstəqilliyimizin qədrini bilməli, onu daim qorumalı və daha da möhkəmləndirməliyik. Hər bir vətəndaş bu yolda öz töhfəsini verməli, Azərbaycanın suverenliyinin əbədi olmasına xidmət etməlidir.
Müstəqilliyimiz daim, dövlətimiz uca, bayrağımız əbədi olsun!
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az




