Info

Əmək müqaviləsi olmadan illərlə işləmisiniz – sonradan sübut edə bilərsinizmi?

Edliyyeinfo.az: Azərbaycanda minlərlə insan əmək müqaviləsi bağlanmadan işləyir və bu, əmək hüquqlarının pozulması ilə nəticələnir. Bəziləri işəgötürənin verdiyi vədlərə inanır, bəziləri isə “bu sənəd nəyə lazımdır ki?” deyib razılaşır.

Amma illər sonra əmək haqqını, məzuniyyət pulunu və ya iş stajını tələb etmək istədikdə böyük problemlə qarşılaşırlar.

Qanun nə deyir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə görə, işçi ilə işəgötürən arasında əmək münasibətləri yalnız əmək müqaviləsi bağlandıqdan sonra yaranmış sayılır.

Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən isə, əmək müqaviləsi yazılı formada, iki nüsxədə və elektron qeydiyyatla rəsmiləşməlidir.

Əgər müqavilə yoxdursa, bu qanun pozuntusudur və işəgötürən məsuliyyət daşıyır – İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, belə hallara görə cərimə tətbiq olunur.

Bəs işçi sonradan işlədiyini necə sübut edə bilər?

Siz əmək müqaviləsi olmadan işləmisinizsə, məhkəmə yolu ilə hüquqlarınızı bərpa etməyiniz mümkündür.

Məhkəməyə təqdim edilə biləcək sübutlar:
Əmək fəaliyyəti ilə bağlı audio/video sübutlar
Maaş ödənişlərinə dair bank köçürmələri və ya qəbzlər
İş yerindəki şahid ifadələri (digər işçilər)
İş rejimi və tapşırıqlarla bağlı WhatsApp yazışmaları, e-poçtlar və sənədlər

Mülki Prosessual Məcəllənin 77-78-ci maddələrinə əsasən, məktub, mesaj, səs yazısı və digər elektron məlumatlar sübut kimi qəbul edilə bilər.

Edliyyeinfo.az olaraq tövsiyəmiz:

Əgər illərlə müqaviləsiz işləmisinizsə:

1. Tələb etdiyiniz haqlar (əmək haqqı, məzuniyyət, son haqq-hesab və s.) ilə bağlı dəqiq sübutlar toplayın.

2. Əmək Mübahisələri üzrə Məhkəməyə müraciət edin.

3. Lazım gəldikdə əmək müfəttişliyinə şikayət edin – bu da işəgötürənin məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.

Hüquqlarınızı tanıyın, özünüzü müdafiə etməyi bacarın – çünki qanun sizin tərəfinizdədir.

 

Hazırladı:  Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir