Cəmiyyətdə geniş yayılmış bir fikir var: “Ən güclü qərar məhkəmə qərarıdır.” Hüquqi baxımdan bu fikir əsaslı görünə bilər. Lakin praktika göstərir ki, bəzən tərəflərin öz razılığı ilə əldə olunan barışıq sazişi məhkəmə qərarından daha dayanıqlı və effektiv nəticə verir.
Məhkəmə prosesi mahiyyət etibarilə qalib və məğlub prinsipinə əsaslanır. Qərar qəbul edilir və tərəflərdən biri hüquqi baxımdan üstün mövqedə olur. Lakin bu üstünlük hər zaman münasibətlərin bərpası və ya uzunmüddətli sabitlik demək deyil.
Mediasiya yolu ilə əldə olunan barışıq sazişində isə vəziyyət fərqlidir. Burada qərar hakim tərəfindən deyil, tərəflərin öz iradəsi ilə formalaşır. İnsan öz qəbul etdiyi razılaşmaya daha çox riayət edir. Bu da icra problemlərinin azalmasına səbəb olur.
Xüsusilə ailə, əmək və biznes münasibətlərində barışıq sazişi tərəflər arasında körpünü tam yandırmır. Əksinə, münasibətlərin minimum səviyyədə qorunmasına imkan yaradır. Bu isə sosial və psixoloji baxımdan daha sağlam nəticədir.
Hüquqi qüvvə məsələsinə gəldikdə isə, qanunvericiliyə uyğun şəkildə bağlanmış və təsdiqlənmiş barışıq sazişi icra sənədi qüvvəsinə malikdir. Yəni o, hüquqi baxımdan məhkəmə qərarı qədər etibarlıdır.
Bəs onda fərq nədədir?
Fərq ondadır ki, məhkəmə qərarı hüquqi mübahisəni bitirir, barışıq sazişi isə mübahisə ilə yanaşı qarşıdurmanı da aradan qaldırır.
Bu gün hüquqi mədəniyyət yalnız iddia qaldırmaqla ölçülmür. Əsl hüquqi yetkinlik problemi konstruktiv həll etməyi bacarmaqdır. Mediasiya məhz bu yanaşmanı təşviq edir.
Çünki bəzən ən güclü qərarlar masa arxasında verilir.
Hüquqşünas – Mediator: Zaur Quliyev


