Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” mövzusunda panel sessiya təşkil olunub.
Tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə müasir dövrdə şəhərlərin təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı yalnız dövlət qurumlarının deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını, media platformalarını və beynəlxalq təşkilatların birgə əməkdaşlığını tələb etdiyini bildirib.
O vurğulayıb ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən təşəbbüslər şəhərlərdə sosial bərabərliyin, əlçatan infrastrukturun və ictimai iştirakçılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, QHT-lər bu prosesdə ictimai nəzarətin gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi, həssas qrupların ehtiyaclarının gündəmə gətirilməsi və ictimai iştirakçılığın təşviqi istiqamətində mühüm rol oynayırlar.
Panel müzakirələrində Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva “İnklüziv şəhərlərin qurulması DİM 11-in həyata keçirilməsinin əsas hərəkətverici qüvvəsidir” mövzusunda çıxış edərək bildirib ki, şəhərsalma siyasəti və planlaması insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Xüsusilə inklüzivlik və əlçatanlıq prinsipləri əsas prioritet olmalıdır ki, fiziki məhdudiyyəti olan şəxslər də daxil olmaqla hər bir vətəndaş şəhər mühitində rahat və bərabər şəkildə iştirak edə bilsin.
“Bizim məqsədimiz yalnız müzakirə aparmaq deyil, həm də konkret təkliflər formalaşdırmaqdır. Bu təkliflər gələcək şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən olmasına xidmət etməlidir”, – deyə Pərvanə Vəliyeva deyib.
Şəhərlərin inkişafında əsas prinsiplərdən biri insanlara bərabər imkanların yaradılmasıdır. Şəhər mühiti hər bir vətəndaş üçün əlçatan və bərabər şərait təmin etməlidir.
O bildirib ki, digər mühüm istiqamət “Təmiz şəhər” konsepsiyasıdır. Bu çərçivədə təmiz hava, təmiz su, sağlam torpaq və effektiv sanitariya sistemləri prioritet təşkil edir. Bu amil insanların sağlam və keyfiyyətli mühitdə yaşamasına, eyni zamanda şəhər daxilində inkişaf imkanlarının artmasına xidmət edir. Azərbaycan bu sahədə artıq bir sıra mühüm layihələr həyata keçirib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.
“Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir”, – deyə V.Rəhimzadə deyib.
Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir. Bu baxımdan əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq və yaşıllaşdırma kimi vacib istiqamətləri genişləndirməkdir.
“Tarixi baxımdan müxtəlif mərhələlərdən keçmiş şəhərlərin müasir dövrdə daha dayanıqlı və inkişaf etmiş formaya gətirilməsi mühüm nailiyyətdir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu modelin ən bariz nümunəsidir. Burada həyata keçirilən layihələr inklüzivlik, sosial bərabərlik və müasir şəhər standartları əsasında qurulur”, – deyə Milli Məclisin deputatı bildirib
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov müxtəlif sahələrdə təhlükəsizlik məsələləri təkcə səmərəlilik baxımından deyil, həm də insan həyatı üçün ciddi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını önə çəkib.
O bildirib ki, dünyanın müxtəlif ölkələrində baş vermiş ekoloji fəlakətlər, yanğınlar və texnogen qəzalar göstərir ki, təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi sosial və iqtisadi nəticələrə gətirib çıxarır.
“Azərbaycanda texniki və ictimai təhlükəsizlik sahəsində hüquqi baza kifayət qədər genişdir. Həmçinin ölkəmizdə rəqəmsal şəhərsalma modelinə keçid istiqamətində mühüm addımlar atılıb”, – deyə İsmayıl Zeynalov deyib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov “Şəhərsalmada ictimai iştirakçılıq: Azərbaycan təcrübəsi necə inkişaf edə bilər?” mövzusunda təqdimatla çıxışı edib.
Ekspert şəhərsalma proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının qərarvermə proseslərinə cəlb olunması daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verir.
Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimli bildirib ki, şəhərlərə investisiyanın cəlb edilməsi və bu prosesin səmərəli idarə olunması şəhər idarəçiliyində maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq təcrübələr göstərir ki, şəhərlərin idarə olunması və inkişafı üçün əhəmiyyətli maliyyə resursları tələb olunur.
“Müasir yanaşmalara əsasən, şəhərlər yalnız yaşayış məkanı kimi deyil, həm də biznes və investisiya mərkəzi kimi nəzərdən keçirilir. Bu baxımdan şəhərlərdə iqtisadi aktivliyin artırılması və biznes mühitinin cəlbedici hala gətirilməsi xüsusi önəm daşıyır”, – deyə o diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri üzrə fikir mübadiləsi apararaq, beynəlxalq təcrübələr və yerli yanaşmaları müzakirə ediblər.





