Info xeberici

Psixoloq Rəfiqə Cəfərli: Yumor və İroniya psixoloji müdafiə mexanizmi kimi

Annotasiya:  Bu elmi tezisdə müharibə şəraitində fərdlərin və cəmiyyətin psixoloji sabitliyinin qorunmasında yumor və ironiyanın müdafiə mexanizmi kimi rolu araşdırılır. Mövzu müasir dövrdə aktualdır, çünki müharibə və münaqişə dövrlərində insanlar travmatik hadisələr qarşısında psixoloji dayanıqlıq nümayiş etdirmək üçün müxtəlif emosional strategiyalardan, o cümlədən yumordan istifadə edirlər. Yumor və ironiya həm fərdi səviyyədə emosional rahatlıq, həm də sosial səviyyədə birləşdirici funksiya daşıyır.

Açar sözlər: müharibə, psixoloji müdafiə, yumor, ironiya, emosional sabitlik, travma, adaptasiya.

Müharibə dövrləri insan psixikasına dərin təsir göstərən, travmatik təcrübələrin yaşandığı, qorxu, itki və qeyri-müəyyənliklə müşayiət olunan sosial vəziyyətlərdir. Bu aspektdə yumor yalnız əyləncə vasitəsi deyil, həm də psixoloji adaptasiya strategiyasıdır. Psixoanalitik nəzəriyyəyə əsasən (Z. Freyd, A. Adler, K. Yung və digərləri), psixoloji müdafiə mexanizmləri insanın mənəvi bütövlüyünü qorumaq üçün şüuraltı şəkildə fəaliyyət göstərən daxili sistemlərdir.Müharibə dövründə yumor həm fərdi psixoloji sabitliyin qorunması, həm də ictimai həmrəyliyin saxlanması baxımından əvəzsiz sosial-psixoloji alətə çevrilir. Bu tədqiqatda məqsəd-müharibə dövründə yumor və ironiyanın psixoloji müdafiə mexanizmi kimi rolu, təsir mexanizmləri və nəticələrini elmi aspektdə təhlil etməkdir.

Əsas hissə:

  1.  Yumor və ironiyanın psixoloji əsasları-Yumor insan psixikasının universal müdafiə vasitəsidir. Freyd yumoru “mənəvi ağrını azaldan və emosional gərginliyi boşaldan mexanizm” kimi təsvir etmişdir. İroniya isə daha çox sosial və intellektual səviyyədə işləyən emosional müdafiə formasıdır-insanın reallıqla məsafə saxlamasına, mənfi təcrübəyə obyektiv baxmasına imkan yaradır. Müharibə zamanı insanlar qorxu, itki və tənhalıq hisslərini dərin şəkildə yaşayır. Bu emosiyaların daimi təsiri nəticəsində psixoloji tükənmə baş verir. Yumor isə bu vəziyyətdə bir növ “emosional filtir” rolunu oynayaraq, fərdi reallığın ağırlığını azaldır. İnsan hadisəni gülüş vasitəsilə yenidən mənalandırdıqda, ağrı və qorxu üzərində nəzarət hissi qazanır.

2.   Müharibə dövründə yumorun sosial funksiyaları-Müharibə şəraitində yumor təkcə fərdi deyil, həm də sosial müdafiə mexanizmi kimi çıxış edir. Cəmiyyətin kollektiv yaddaşında yaranan satirik zarafatlar, karikaturalar, sosial mediada yayılan ironik paylaşımlar insanların mənəvi birliyini gücləndirir. Bu hal sosial psixologiyada “kollektiv katarsis” adlanır — yəni birgə emosional boşalma prosesi. Yumor və ironiya həm də müqavimət forması kimi işləyir. Məsələn, müharibə zamanı gülməli situasiyalar, cəbhədə və ya arxa cəbhədə söylənən zarafatlar, insanların qorxu üzərində mənəvi qələbəsini simvolizə edir. Frankl yazırdı ki, “hətta konsentrasiya düşərgəsində belə, gülmək bacarığı azadlığın son qalasıdır”. Bu fikir müharibə şəraitində yumorun psixoloji gücünü aydın göstərir.

3.   Yumorun terapevtik və adaptiv rolu Yumor travma terapiyasında da mühüm yer tutur. Psixoloqların fikrincə, gülüş emosional desensitizasiya yaradır, yəni travmatik hadisəyə qarşı duyğusal həssaslığı azaldır.. Məsələn, müharibədən sonra yaranan “qara yumor” formaları cəmiyyətin yaşadığı acı təcrübələri yüngülləşdirilmiş formada qəbul etməsinə kömək edir. Bu proses, əslində, posttravmatik inkişaf üçün zəruri psixoloji mərhələdir. Bundan əlavə, yumorun istifadəsi insanların sosial münasibətlərini möhkəmləndirir. Hərbi və mülki insanlar arasında yaranan gülüş dolu dialoqlar empatiya və inam hissini artırır.

Aparılan təhlil göstərir ki, müharibə dövründə yumor və ironiya insan psixikasının qorunmasında, emosional sabitliyin bərpasında və sosial birliyin formalaşmasında mühüm rol oynayır. Yumor travmanın təsirini azaldır, reallığı mənalandırır və fərdi emosional nəzarəti gücləndirir. İroniya isə hadisələrə məsafəli baxış yaradaraq, mənəvi sabitliyi təmin edir. Yekun olaraq, yumorun müharibə dövründə psixoloji müdafiə mexanizmi kimi öyrənilməsi həm nəzəri, həm də praktik baxımdan əhəmiyyətlidir. Bu mexanizmlərin psixoloji yardım və reabilitasiya proqramlarına daxil edilməsi, müharibə şəraitində yaşayan insanların mənəvi dirənişini gücləndirə bilər.

İstifadə olunmuş ədəbiyyat

1. Freud, S. (1905). Jokes and Their Relation to the Unconscious. London: Penguin Books.

2. Frankl, V. (1963). Man’s Search for Meaning. New York: Beacon Press.

3. Azərbaycan Respublikasında Psixoloji Xidmət haqqında Qanun, 2011. 4. Quliyev, R. (2021). Sosial stress və psixoloji müdafiə mexanizmləri. Bakı: Elm və Təhsil nəşriyyatı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir