Edliyyeinfo.az: Müasir dövrdə mübahisələrin həlli təkcə məhkəmə zallarında deyil, alternativ yollarla da mümkün olur. Bu baxımdan mediasiya həm hüquqi, həm də sosial baxımdan getdikcə daha çox əhəmiyyət qazanır. İnsanlar artıq anlayırlar ki, hər mübahisə qalib və məğlub prinsipi ilə bitməli deyil.
Hüquqşünas və mediator Vüsal Bayramov bu sahədə peşəkar fəaliyyəti ilə seçilən, qısa müddətdə çoxsaylı uğurlu sazişlərə imza atan mütəxəssislərdəndir. Şəmkir 2 saylı Mediasiya Təşkilatının rəhbəri kimi o, mübahisələrin sülh yolu ilə həllinə töhfə verir, tərəfləri ortaq məxrəcə gətirməyi bacarır.
Mediasiyanın mahiyyəti, üstünlükləri və cəmiyyətdə rolu ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün onunla həmsöhbət olduq.

– Hüquqşünas və mediator kimi fəaliyyət yolunuz necə başlayıb?
– Hüquq sahəsinə marağım ədalətin təmin olunmasına və insanların hüquqlarının qorunmasına töhfə vermək istəyi ilə formalaşıb. Təhsil və praktiki fəaliyyət dövründə gördüm ki, bir çox mübahisələr məhkəməyə getmədən daha effektiv şəkildə həll oluna bilər. Bu səbəbdən mediasiya sahəsinə yönəldim. Mediasiya insanlara daha çevik, daha humanist və qarşılıqlı razılaşma əsasında həll imkanı verdiyi üçün bu sahə mənim üçün xüsusilə cəlbedici oldu.
– Mediasiya institutu haqqında ümumi məlumat verərdiniz.
– Mediasiya tərəflər arasında yaranmış mübahisələrin məhkəmədənkənar qaydada, neytral üçüncü şəxs – mediator vasitəsilə həll edilməsidir. Onun əsas məqsədi mübahisələri barış yolu ilə həll etmək, məhkəmələrin yükünü azaltmaq və sosial münasibətləri qorumaqdır. Cəmiyyətdə rolu isə həm hüquqi, həm də sosial sabitliyin təmin olunmasına xidmət etməkdir.
– Mediasiyanın məhkəmədən fərqləri və üstünlükləri nələrdir?
– Mediasiya daha sürətli və daha az xərclidir. Proses zamanı məxfilik qorunur və ən əsası, qərarı hakim yox, tərəflərin özü verir. Bu isə münasibətlərin pozulmasının qarşısını alır, əksinə, onların qorunmasına şərait yaradır.
Xüsusilə ailə, əmək, kommersiya və sosial mübahisələrdə mediasiya daha məqsədəuyğundur.
– Azərbaycanda mediasiyanın inkişafını necə qiymətləndirirsiniz?
– Son illərdə bu sahədə ciddi inkişaf müşahidə olunur. Azərbaycan Respublikasının Mediasiya haqqında Qanunu mediasiyanın hüquqi əsaslarını formalaşdırıb.
Bununla belə, vətəndaşların məlumatlılığının aşağı olması, mediasiyaya etimadın tam formalaşmaması və bəzi hallarda formal yanaşma kimi problemlər hələ də qalmaqdadır.
– Təcrübənizdən yaddaqalan bir nümunə paylaşa bilərsinizmi?
– Təcrübəmdə ailə mübahisəsi ilə bağlı maraqlı bir hadisə olub. İlkin mərhələdə tərəflər razılığa gələ bilmədilər və məsələ məhkəməyə getdi. Lakin məhkəmə qərarından sonra hər iki tərəf narazı qaldı və yenidən mediasiyaya müraciət etdilər. Bu dəfə düzgün ünsiyyət və maraqların müəyyən edilməsi nəticəsində razılıq əldə olundu. Bu, mediasiyanın real gücünü açıq şəkildə göstərir.
– Rəhbərlik etdiyiniz təşkilat haqqında məlumat verərdiniz.
– Şəmkir 2 saylı Mediasiya Təşkilatı müxtəlif hüquqi mübahisələrin mediasiya yolu ilə həllini həyata keçirir. Fəaliyyət istiqamətlərimizə ailə, əmək, kommersiya və mülki hüquqi mübahisələr daxildir.
– Təşkilatınızı fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
– Peşəkar və etik yanaşma, operativ xidmət və hər işə fərdi yanaşma əsas üstünlüklərimizdir. Bizim üçün əsas məqsəd formal razılaşma deyil, real barışın əldə olunmasıdır.
– Mediasiya prosesi necə həyata keçirilir?
– Proses mərhələli şəkildə həyata keçirilir: müraciətin qəbulu, tərəflərin dəvət olunması, ilkin görüş, müzakirələr, maraqların müəyyən edilməsi, razılaşma və sonda sazişin rəsmiləşdirilməsi.
– Tərəflərin ən çox etdiyi səhvlər hansılardır?
– Ən çox rast gəlinən səhvlər emosional yanaşma, qarşı tərəfi dinləməmək, yalnız mövqedə qalmaq və kompromisə getmək istəməməkdir.
Bəzən tərəflər mediasiyaya ümumiyyətlə gəlmək istəmir və ya prosesi düzgün qiymətləndirmirlər. Lakin sonradan vaxt və maliyyə itkisi ilə qarşılaşdıqda mediasiyanın əhəmiyyətini daha yaxşı anlayırlar.
– Vətəndaşlara tövsiyəniz nədir?
– Mübahisə yaranan kimi emosional qərarlar vermək əvəzinə mediasiyaya müraciət etmək daha məqsədəuyğundur. Əgər münasibətlərin qorunması, vaxt və maliyyə itkisini azaltmaq vacibdirsə, mediasiya ən düzgün seçimdir.
Unutmayaq ki, məhkəmədə qərarı hakim verir, mediasiyada isə qərarı tərəflər özləri qəbul edir.
Son olaraq qeyd etmək lazımdır ki, mediasiya cəmiyyətdə qarşılıqlı anlaşmanın və hüquqi mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Vüsal Bayramov kimi peşəkarların fəaliyyəti göstərir ki, dialoq və düzgün yanaşma ilə ən mürəkkəb mübahisələri belə sülh yolu ilə həll etmək mümkündür.
Unutmayaq: mediasiya “qalib–məğlub” yox, “hər iki tərəfin qazandığı” bir həll yoludur.
Tel: (+99455) 221 42 21
(+99450) 673 66 09
Facebook: Şəmkir 2 saylı Mediasiya Təşkilatı




