Hüquqşünas, mediator Zaur Quliyevin təqdimatında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışı ailə hüququnun ən aktual mövzularından birinə həsr olunub.
Verilişin qonaqları hüquqşünas, mediator Saleh Şükürov və hüquqşünas Nadilə Şükürova olublar.
Canlı müzakirə zamanı nikah müqaviləsinin hüquqi mahiyyəti, onun ailə münasibətlərində rolu, müasir ailə modelində tərəflərin hüquq və vəzifələri, eləcə də ailə institutunun qorunması ilə bağlı mühüm məqamlara toxunulub.
Qonaqlar bildiriblər ki, nikah müqaviləsi tərəflər arasında etimadsızlıq deyil, əksinə hüquqi məsuliyyət və qarşılıqlı aydınlıq yaradan mexanizmdir. Qeyd olunub ki, bu müqavilə gələcəkdə yarana biləcək bir sıra mübahisələrin qarşısını almağa, ailədaxili münasibətlərdə hüquqi sabitliyi təmin etməyə xidmət edir.
Verilişdə həmçinin müasir dövrdə ailə münasibətlərinə təsir edən sosial faktorlar, boşanmaların artma səbəbləri, ailədaxili ünsiyyət problemləri və mediatorların bu prosesdə rolu barədə də fikir mübadiləsi aparılıb.
Qonaqlar ailə qurmağa hazırlaşan şəxslərə emosional qərarlarla yanaşı hüquqi məsələlərə də diqqətlə yanaşmağı, qarşılıqlı hörmət və düzgün ünsiyyətin sağlam ailənin əsas şərtlərindən biri olduğunu tövsiyə ediblər.
“Hüququn Səsi” verilişi hər şənbə saat 15:00-da Dünya televiziyasında yayımlanır.
Sponsor: Qarabəy MMC
İnformasiya dəstəyi: edliyyeinfo.az









