Info

Quba rayonunda sürüşmə baş verən yolda bərpa və alternativ yol işləri görülür

Quba Rayon İcra Hakimiyyəti-nin başçısı İlqar Mahmudov Quba–Amsar–Tüləkəran avtomobil yolunun 6-cı və 12-ci kilometrlik hissələrində baş vermiş sürüşmə və deformasiya nəticəsində yaranmış vəziyyətlə yerində tanış olmuşdur. Səfər çərçivəsində ərazidə aparılan bərpa və təhlükəsizlik tədbirləri, həmçinin alternativ yolun çəkilişi istiqamətində görülən işlər nəzərdən keçirilmişdir.

Məlumat verilmişdir ki, intensiv yağıntılar və dağlıq relyefin təsiri nəticəsində yolun bəzi hissələrində torpaq sürüşməsi və çökmələr qeydə alınmış, nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranmışdır. Mövcud vəziyyətin qısa müddətdə aradan qaldırılması məqsədilə aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikalar əraziyə cəlb olunmuşdur.

İlqar Mahmudov görülən işlərin gedişi ilə maraqlanaraq aidiyyəti qurum rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, ilk növbədə sakinlərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, alternativ yolun çəkilişi istiqamətində işlər operativ şəkildə davam etdirilir və yaxın müddətdə nəqliyyatın fasiləsiz hərəkətinin bərpası təmin olunacaq.

Qeyd olunmuşdur ki, yol infrastrukturu ilə bağlı yaranan problemlərin aradan qaldırılması, xüsusilə ucqar yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda ərazidə vəziyyət nəzarətdədir və işlər mərhələli şəkildə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir