Info

Kişilər niyə əlamətdar günləri unudur? – Psixoloji və sosial baxış

Əlamətdar günlərin unudulması cütlüklər arasında ən çox müzakirə olunan və bəzən ciddi emosional gərginlik yaradan mövzulardan biridir. Ad günləri, ildönümlər və digər xüsusi tarixlər bir tərəf üçün böyük əhəmiyyət daşısa da, digər tərəf üçün gündəlik həyatın içində adi bir detal kimi qala bilir.
Bu mövzunu psixoloji və hüquqi baxımdan izah etmək üçün psixoloq Fərqanə Mehmanqızı və hüquqşünas Zaur Quliyevin fikirlərinə istinad edirik.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, kişilərin əlamətdar günləri unutması çox vaxt sevgisizlik kimi qəbul edilsə də, bunun arxasında daha çox diqqət və yaddaşın prioritetləşməsi dayanır:
“İnsan beyni bütün məlumatları eyni dərəcədə saxlamır. Kişilərdə daha çox funksional və problem yönümlü düşüncə tərzi üstünlük təşkil etdiyi üçün tarixlər avtomatik olaraq prioritetə çevrilməyə bilər.”
Psixoloq bildirir ki, bu vəziyyətin əsas səbəbi çox zaman vərdiş və ünsiyyətin zəif qurulmasıdır:
“Əgər münasibətdə bu tarixlər əvvəlcədən planlaşdırılmırsa və xatırlatma sistemi qurulmayıbsa, bu tarixlərin unudulması normal hal kimi ortaya çıxa bilər.”
Onun fikrincə, bu kimi hallarda açıq danışıq ən vacib faktordur:
“Tərəflər incimək və susmaq əvəzinə, hansı günlərin onlar üçün vacib olduğunu açıq şəkildə bildirməlidir. Əks halda gözlənti ilə real davranış arasında fərq yaranır.”
Hüquqşünas Zaur Quliyev isə qeyd edir ki, əlamətdar günlərin unudulması hüquqi məsuliyyət yaratmır:
“Ailə münasibətlərində bu cür emosional davranışlar hüquqla tənzimlənmir. Ad gününün və ya ildönümünün unudulması hüquqi pozuntu hesab edilmir.”
O əlavə edir ki, bu tip hallar hüquqi deyil, daha çox sosial-emosional münasibətlərə təsir göstərir:
“Hüquq ailə münasibətlərinin çərçivəsini müəyyən edir, lakin münasibətin keyfiyyəti tərəflərin qarşılıqlı anlaşmasından asılıdır.”
Mütəxəssislərin ümumi fikrinə görə, əlamətdar günlərin unudulması təkcə sadə bir diqqətsizlik kimi görünməsə də, bəzi hallarda münasibətlərin gərginləşməsinə, anlaşılmazlıqların yaranmasına və emosional uzaqlaşmaya səbəb ola bilir. Hətta real həyatda bu cür səbəblərə görə boşanma üçün müraciət edən qadınların olduğu da qeyd edilir. Bu isə göstərir ki, məsələ bəzən düşündüyümüzdən daha ciddi nəticələrə gətirib çıxara bilir.
Nəticə etibarilə, problem tarixlərin unudulmasında deyil, tərəflər arasında gözləntilərin açıq şəkildə ifadə olunmamasında və ünsiyyət çatışmazlığındadır. Münasibətlərin sağlam qalması üçün əsas faktor inciklik deyil, qarşılıqlı anlaşma və düzgün kommunikasiya mədəniyyətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir