Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şərəfli səhifələr var ki, onlar sadəcə təqvim günü deyil, milli kimliyimizin, azadlıq eşqimizin və sarsılmaz iradəmizin rəmzidir. Bu müqəddəs tarixlərin zirvəsində isə heç şübhəsiz, 28 May — Müstəqillik Günü dayanır. 1918-ci il mayın 28-dən başlayan o şərəfli yol, bu gün bütöv, suveren və güclü Azərbaycanın qüdrətində özünün ən parlaq dövrünü yaşayır. 108 il əvvəl Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi respublika modelini — Azərbaycan Xalq Cümhuriyyətini quran ulu babalarımız, bütün dünyaya bəyan etdilər ki, azərbaycanlılar azad yaşamağa, öz taleyini özü təyin etməyə qadir olan böyük bir millətdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyətin qəbul etdiyi qərarlar — milli ordunun qurulması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, qadınlara seçki hüququnun verilməsi və milli atributlarımızın qəbulu dövlətçilik şüurumuzun fundamental əsasını qoydu.
Cümhuriyyətin ömrü qısa olsa da, onun qəlbi hər bir azərbaycanlının ruhunda yaşadı. XX əsrin sonlarında xalqımız yenidən öz müstəqilliyinə qovuşanda, bu azadlığı qoruyub saxlamaq və real dövlət təsisatına çevirmək missiyasını Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü. Ümummilli Liderin sarsılmaz iradəsi sayəsində müstəqilliyimiz dönməz xarakter aldı və XX əsrin əvvəllərində yarımçıq qalmış Cümhuriyyət idealları real müstəqil dövlət mənzərəsinə çevrildi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir. Bu gün biz 28 May Müstəqillik Gününü tamamilə fərqli bir qürurla — tarihi ədalətin bərpa olunduğu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi bütöv bir Azərbaycanda qeyd edirik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində, 1918-ci ildə ucaldılan və bir daha enməyəcəyinə and içdiyimiz üçrəngli müqəddəs bayrağımız bu gün Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın hər bir guşəsində əzəmətlə dalğalanır. Cümhuriyyət qurucularının ruhu bu gün tam mənası ilə şaddır; çünki onların xəyal etdiyi və uğrunda can verdiyi müstəqil Azərbaycan, bu gün regionun liderinə, qlobal miqyasda söz sahibinə çevrilmiş qüdrətli bir dövlətdir. Müstəqillik sadəcə siyasi bir status deyil, həm də hər bir vətəndaşın öz dövlətinə bəslədiyi sevgi, çəkdiyi zəhmət və gələcəyə inamıdır. Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, rəqəmsal inkişaf, yenidənqurma layihələri və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar azadlığımızın və suverenliyimizin bəhrələridir. Biz bir media nümayəndəsi, bir vətəndaş olaraq, dövlətimizin bu şanlı inkişaf xəttini işıqlandırmaqdan, müstəqilliyimizin əbədiliyinə xidmət etməkcən qürur duyuruq.
Bu əziz bayram günündə müstəqilliyimizi qanları və canları ilə bizə əmanət edən Cümhuriyyət qurucularını, vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizi dərin ehtiramla yad edir, bütün xalqımızı 28 May — Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm! Müstəqilliyimiz daimi, dövlətimiz əbədi olsun!
Jalə Asiman
Edliyyeinfo.az informasiya portalının rəhbəri
Azərbaycan Jurnalistlər birliyinin üzvü
“Qızıl qələm sahibi” mükafatı lauriyyatı




