Hər il 1 iyun tarixində dünya ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Bu gün yalnız bayram deyil, eyni zamanda uşaqların hüquqlarının qorunmasının vacibliyini xatırladan bir gündür.
Uşaq cəmiyyətin gələcəyidir. Onun sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi həm ailənin, həm dövlətin, həm də bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir. Hər bir uşağın təhsil almaq, sağlamlığını qorumaq, ailə mühitində yaşamaq və zorakılıqdan müdafiə olunmaq hüququ vardır.
Təəssüf ki, praktikada uşaqların hüquqları ilə bağlı müxtəlif problemlərlə rastlaşırıq. Boşanma zamanı uşağın maraqlarının nəzərə alınmaması, aliment öhdəliklərinin yerinə yetirilməməsi, valideynlərdən biri ilə ünsiyyət hüququnun məhdudlaşdırılması və digər məsələlər uşaqların hüquqlarına birbaşa təsir göstərir.
Qanunvericiliyə görə, uşaqlarla bağlı bütün qərarlarda əsas meyar onların mənafelərinin üstün tutulmasıdır. Valideynlər arasındakı fikir ayrılıqları heç vaxt uşağın hüquq və mənafelərinə zərər verməməlidir.
1 İyun münasibətilə hər kəsi bir daha uşaqların hüquqlarına hörmətlə yanaşmağa, onların xoşbəxt və təhlükəsiz gələcəyi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıram. Uşaqların müdafiəsi yalnız bir günün deyil, hər günün vəzifəsidir.
Zaur Quliyev
Hüquqşünas | Mediator




