İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Edliyyeinfo.az xəbər verir ki, Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord çıxış edərək dedi:
-Sabahınız xeyir, Zati-aliləri cənab Prezident.
Hörmətli nazirlər, Zati-aliləri xanımlar və cənablar.
Təşkilat Komitəsi adından Sizi 31-ci “Bakı Enerji Həftəsi”ndə salamlamaqdan böyük şərəf duyuruq. Bu gün burada iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə olduqca minnətdarıq. Bu, tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi. Son üç onillikdə “Bakı Enerji Həftəsi” regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələnin əhəmiyyəti cari ildə həyata keçirilən proqram və müzakirələrdə öz əksini tapır.
Bildiyiniz kimi, bu il keçirilən “Bakı Enerji Həftəsi”, həmçinin geniş beynəlxalq tədbirlər və yüksəksəviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir. 2026-cı ildə keçirilən tədbir yeni iştirakçılar və milli pavilyonlar da daxil olmaqla 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir.
Bu mühüm tədbirin uğurlu təşkilinə verdiyi davamlı dəstəyə və töhfəyə görə Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Dövlət Neft Şirkətinə, bütün dəyərli tərəfdaşlarımıza və sponsorlarımıza səmimi minnətdarlığımı bildirmək istəyirəm.
İcazə verin, bütün iştirakçıları 31-ci “Bakı Enerji Həftəsi”nin açılışı münasibətilə təbrik edim və sizə məhsuldar müzakirələr, görüşlər və həftə ərzində davamlı uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.
İndi isə mən böyük şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi tribunaya dəvət edirəm.




