Dünya TV kanalında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışında mediasiya sahəsində aktual və düşündürücü bir mövzu müzakirə olunub. Hər şənbə saat 15:00-da tamaşaçılarla görüşən verilişin aparıcısı hüquqşünas, mediator Zaur Quliyev bu dəfə “Niyə mediasiyada hər zaman barışıq əldə oluna bilmir?” sualına aydınlıq gətirib.
Verilişin qonaqları hüquqşünas-mediatorlar Gülnar Səfərova, Rahib Məmmədov və mediator Saleh Şükürov olub. Müzakirə zamanı mediasiyanın imkanları ilə yanaşı, onun bəzi hallarda niyə nəticəsiz qalmasının səbəbləri geniş şəkildə təhlil edilib.
Qonaqların ümumi qənaətinə görə, mediasiya olduqca güclü və effektiv mübahisə həlli vasitəsidir. Lakin bu prosesin uğuru yalnız mediatorun peşəkarlığından asılı deyil. Əsas amillərdən biri tərəflərin bu prosesə nə dərəcədə hazır olması və sülh yönümlü mövqe sərgiləməsidir.
Verilişdə vurğulanıb ki, emosional gərginlik, qarşılıqlı inamsızlıq, qürur və “qalib gəlmək” istəyi çox vaxt barışığın əldə olunmasına mane olur. Bu kimi hallarda tərəflər problemi həll etmək əvəzinə, qarşı tərəfi məğlub etməyə çalışır ki, bu da mediasiyanın əsas fəlsəfəsinə ziddir.
Eyni zamanda qeyd olunub ki, mediasiya könüllülük prinsipinə əsaslanır və tərəflərdən biri belə bu prosesə hazır olmadıqda real nəticə əldə etmək çətinləşir. Mediator isə tərəfləri məcbur etmir, yalnız dialoq üçün şərait yaradır və onları ortaq məxrəcə yaxınlaşdırmağa çalışır.
Müzakirələr zamanı belə bir fikir xüsusi vurğulanıb:
“Mediasiya çox güclü vasitədir, lakin tərəflər də buna hazır olmalı və sülh istəməlidirlər.”
Sonda qonaqlar cəmiyyətdə sülh mədəniyyətinin formalaşdırılmasının vacibliyini qeyd edərək, vətəndaşlara mübahisələrin həllində dialoq və qarşılıqlı anlaşmaya üstünlük verməyi tövsiyə ediblər.
Verilişin informasiya dəstəkçisi Edliyyeinfo.az saytıdır.





