Edliyyeinfo.az: Valideynlər boşanıbsa və ya birgə yaşayış zamanı uşağın soyadı ilə bağlı fikir ayrılığı yaranıbsa, bu məsələ necə həll olunur? Uşağın soyadının seçilməsi hüquqi baxımdan necə tənzimlənir?
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən:
Uşağa valideynlərin razılığı ilə soyad verilir.
Valideynlər eyni soyad daşıyırsa, uşaq həmin soyadı qəbul edir.
Əgər valideynlər fərqli soyadlar daşıyırsa, uşağa atasının və ya anasının soyadı verilə bilər – razılaşma əsasında.
Mübahisə yarandıqda nə baş verir?
Əgər valideynlər uşağın soyadı barədə razılığa gələ bilmirsə, bu zaman məhkəmə qaydasında həll olunur. Məhkəmə aşağıdakı meyarlara əsaslanır:
1. Uşağın mənafeyi – hansı soyad onun psixoloji və sosial inkişafına daha uyğundur?
2. Uşağın yaşı və fikri – 10 yaşdan yuxarı uşağın fikri nəzərə alınır.
(Bax: AR Ailə Məcəlləsinin 52-ci maddəsi)
3. Uşağın kimlə yaşaması və əlaqələrinin intensivliyi – əsas tərbiyəçi valideynin soyadına üstünlük verilə bilər.
Soyad dəyişdirilə bilərmi?
Bəli. Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qanunun 59-cu maddəsinə əsasən, uşağın soyadı valideynlərin ərizəsi və ya məhkəmə qərarı ilə dəyişdirilə bilər.
Lakin bir valideynin razılığı olmadıqda, məhkəmə bu dəyişikliklə bağlı əsaslı səbəb tələb edir.
Edliyyeinfo.az olaraq bildiririk ki, uşağın soyadı ilə bağlı hüquqi mübahisələrdə uşağın ali mənafeyi və psixoloji stabilliyi əsas götürülməlidir. Məhkəmə uşağın kimdə qalmasını, sosial mühitini və gələcək inkişafını qiymətləndirərək qərar qəbul edir.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az