Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Edliyyeinfo.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə V.Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı İstintaq Təcridxanasına etap edilməsi qərara alınıb.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası mayın 18-nə təyin edilib.
Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.




