Edliyyeinfo.az: Mülki Məcəllənin 40-cı maddəsinə görə, əgər bir fiziki şəxsin harada olduğu məlum deyilsə və iki il ərzində yaşadığı yerdə görünməyibsə, maraqlı şəxslər məhkəməyə ərizə verərək həmin şəxsi xəbərsiz itkin düşmüş elan etdirə bilərlər.
Əgər son məlumatların alındığı dəqiq gün məlum deyilsə, itkin düşmə müddəti həmin məlumatın alındığı aydan sonrakı ayın birinci günündən və ya ay məlum deyilsə, növbəti ilin yanvar ayının 1-dən hesablanır.
Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra, xəbərsiz itkin düşmüş şəxsin qanuni vərəsələri onun əmlakını idarə etmək və ondan fayda götürmək hüququ əldə edir. Bu əmlakdan həm şəxsin dolanacaq xərcləri ödənilir, həm də borcları qaytarılır.
Əgər xəbərsiz itkin düşmüş şəxsin vərəsələri yoxdursa, məhkəmə əmlakı idarə etmək üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən etibarnamə ilə idarəçi təyin edir. İdarəçi əmlakı həmin şəxsin xeyrinə istifadə edir, borcları ödəyir və dolanacaq xərcləri qarşılayır. Əgər idarəçi təyin edildikdən sonra üç il ərzində şəxsin ölmüş sayılması üçün məhkəməyə müraciət edilməzsə, orqan bunu təmin etməlidir.
Əgər xəbərsiz itkin düşmüş şəxs tapılarsa və ya harada olduğu məlum olarsa, məhkəmə onun itkin düşmüş hesab edilməsini və əmlakının idarə olunması haqqında qərarı ləğv edir.




