1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində təkcə faciə deyil, eyni zamanda ədalətsizliyə qarşı üsyanın və müstəqillik iradəsinin açıq təzahürü kimi yadda qalıb. Həmin gecə sovet imperiyasının silahlı qüvvələri heç bir hüquqi əsas olmadan Bakıya yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törətdi. Nəticədə yüzlərlə günahsız insan şəhid oldu və yaralandı. Bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi.
Edliyyeinfo.az bildirir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq məqsədi daşısa da, əks nəticə verdi. Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən hərbi əməliyyat hüquqi baxımdan sovet rəhbərliyinin cinayət məsuliyyəti daşıdığını açıq şəkildə göstərirdi. Dinc insanların tanklar və avtomat silahlar qarşısında dayanması xalqın artıq zorakılıqla idarə olunmayacağını sübut etdi.
Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində verdiyi bəyanat 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət oldu. O, sovet rəhbərliyinin hərəkətlərini insan hüquqlarına zidd addım kimi qiymətləndirdi və günahsız insanların qətlini açıq şəkildə pislədi. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, şəhidlərin statusu tanındı, onların ailələrinin sosial müdafiəsi gücləndirildi.
20 Yanvar şəhidləri müstəqil Azərbaycan dövlətinin hüquqi və mənəvi təməlinin qoyulmasında mühüm rol oynadılar. Bu faciədən sonra xalq azadlıq yolundan dönmədi və 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Bu gün hüquqi, dünyəvi və güclü Azərbaycan dövləti qurulubsa, bunun əsasında 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlıq dayanır.
Edliyyeinfo.az olaraq vurğulayırıq ki, 20 Yanvar faciəsi heç vaxt unudulmayacaq. Bu tarix hüququ tapdanan bir xalqın ədalət axtarışının, milli iradəsinin və dövlətçilik əzminin simvoludur. Şəhidlərin müqəddəs xatirəsi daim ehtiramla yad olunacaq, 20 Yanvar həqiqətləri hüquqi və tarixi dərs kimi gələcək nəsillərə ötürüləcək.




