Bu gün Dünya televiziyasında yayımlanan “Hüququn Səsi” verilişində ailə hüququnun ən çox mübahisə doğuran mövzularından biri – nikah dövründə əldə edilmiş əmlakın hüquqi statusu və boşanma zamanı bölgüsü geniş şəkildə müzakirə olundu. Mövzu həm hüquqi, həm də sosial baxımdan böyük maraq doğurdu.
Verilişin qonaqları vəkil Ruslan Mustafazadə və hüquqşünas, mediator Xəlil Süleymanlı idi. Qonaqlar mövzu ilə bağlı praktiki nüansları, vətəndaşların ən çox rastlaşdığı problemləri və qanunvericiliyin bu sahədə müəyyən etdiyi qaydaları sadə və anlaşılan dildə izah etdilər.
Müzakirə zamanı qeyd olundu ki, Azərbaycan qanunvericiliyinə əsasən nikah dövründə əldə edilmiş əmlak, kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, ər-arvadın birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən boşanma zamanı həmin əmlakın bölgüsü əsasən bərabər qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda – xüsusilə uşaqların mənafeyi, tərəflərin maddi vəziyyəti və digər mühüm amillər nəzərə alınaraq məhkəmə fərqli bölgü qərarı verə bilər.
Verilişdə tamaşaçıları maraqlandıran suallara da aydınlıq gətirildi. Bildirildi ki, nikahdan əvvəl əldə edilmiş, hədiyyə və ya miras yolu ilə qazanılmış əmlak birgə mülkiyyətə daxil edilmir. Eyni zamanda, kreditlə alınmış əmlakın bölgüsü zamanı öhdəliklərin də tərəflər arasında paylaşdırılması məsələsi xüsusi diqqət mərkəzində saxlanılır.
Hüquqşünas-mediator Xəlil Süleymanlı çıxışında vurğuladı ki, əmlak bölgüsü ilə bağlı mübahisələrin məhkəmədən kənar, mediasiya yolu ilə həlli daha effektiv və tərəflər üçün daha az stressli ola bilər. Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında əldə olunan nəticə həm vaxt, həm də maliyyə baxımından daha əlverişlidir.
Vəkil Ruslan Mustafazadə isə qeyd etdi ki, vətəndaşların bu sahədə hüquqi maariflənməsi olduqca vacibdir. O, ailə qurarkən hüquqi məsuliyyətlərin də nəzərə alınmasının gələcəkdə yarana biləcək problemlərin qarşısını ala biləcəyini bildirdi.
Veriliş çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, ailə münasibətlərində hüquqi biliklərin artırılması, xüsusilə əmlak məsələlərində tərəflərin daha düzgün qərarlar verməsinə və mübahisələrin sivil şəkildə həllinə mühüm töhfə verir.




