Ədliyyə Info

Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Edliyyeinfo.az:  Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib.

Yeni ədliyyə qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb.
 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxışında ədliyyə orqanlarında xidmətin yüksək məsuliyyət, peşəkarlıq və dövlətə sədaqət tələb etdiyini vurğulayaraq, qulluğa qəbul olunan şəxslərin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Nazir müavini qeyd edib ki, andiçmə mərasimi gənc əməkdaşların hüququn aliliyinə, qanunçuluğun təmininə və vətəndaşlara vicdanla xidmət prinsiplərinə sadiqliyinin rəmzidir. Nazir müavini yeni əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların ədliyyə sisteminin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Nazirin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev çıxışında bildirib ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqənin bütün mərhələlərini uğurla keçən namizədlər öz bilik və bacarıqları ilə seçilərək ədliyyə orqanlarında xidmət etmək hüququ qazanıblar. Seyfəlpaşa Əliyev yeni əməkdaşların dövlətə və qanunçuluğa sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra ədliyyə qulluqçularının Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında işə qəbul olunması barədə imzalanmış müvafiq əmr səsləndirilib. 

Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələri təqdim edilib.

Qeyd edək ki, Nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən sonuncu müsabiqə üzrə ərizə verən 173 hüquqşünasdan 91 nəfər test imtahanında iştirak edib. Test imtahanını, söhbət və icbari təlim mərhələlərini uğurla tamamlamış, 15-i qadın, 8-i kişi olmaqla 23 namizəd ədliyyə orqanlarında işə qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir