Edliyyeinfo.az: Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
Nümayəndə heyəti Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov ilə görüşüb. Görüşdə “Elektron notariat” sisteminin və “Mobil notariat” tətbiqinin imkanları, ədliyyə sahəsində rəqəmsal transformasiya və elektron xidmətlər, eləcə də notariatın inkişafı barədə təqdimat və ətraflı məlumatlar təqdim edilib.
Nazirliyin Probasiya xidmətində təşkil olunan görüşdə nümayəndə heyətinə ölkəmizdə probasiya sahəsində son illərdə aparılan islahatlar, probasiya nəzarətində olan şəxslərə göstərilən sosial-psixoloji xidmətlər barədə ətraflı məlumat verilib, rəqəmsal fəaliyyətin həyata keçirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təqdimat edilib.