Ana Səhfə SUAL-CAVAB xeberici

“Qadınların güclənməsi psixoloji dəstəkdən başlayır” – Psixoloq Bilqeyis Səfərqızı ilə müsahibə

Müasir dövrdə psixoloji sağlamlıq və hüquqi maarifləndirmə xüsusilə qadınlar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin sosial təzyiqləri, ailədaxili problemlər və stereotiplər bir çox qadının həm psixoloji, həm də hüquqi baxımdan çətinliklər yaşamasına səbəb olur. Bu mövzulara daha dərindən nəzər salmaq üçün psixoloq Bilqeyis Səfərqızı ilə həmsöhbət olduq. O, həm şəxsi peşə yolundan, həm də qadınların qarşılaşdığı əsas problemlər və onların həlli yolları barədə ətraflı fikirlərini bölüşdü.

–    Bilqeys xanım kimdir və hazırda harda fəaliyyət göstərir?

Ümumiyyətlə sizi psixologiya sahəsinə gətirən əsas səbəb nə oldu və niyə xüsusilə qadınlarla işləməyi seçdiniz?

–   Mən psixoloq Bilqeyis Səfərqızı. Əslən Qərbi Azərbaycandanam. Ailəm Vedibasar mahalından Bakı şəhərinə məcburi köç edib. Ailəliyəm və iki övladım var. Bakalavr təhsilimi 2011 ci ildə bitirmişəm.Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində ‘Təhsil psixologiyası’ ixtisası üzrə magistr təhsili alıram. Eyni zamanda ‘Sabahgrow Dəstək Mərkəzi’ndə psixoloq kimi fəaliyyət göstərirəm və ‘Qadın Birliyi’ Mərkəzinin yaradılması üzərində çalışıram.

Psixologiyaya marağım məktəb illərindən başlayıb. O vaxtlar bu sahəyə maraq çox olmasa da, izlədiyim bir psixoloji film məndə bu sahəyə qarşı xüsusi maraq oyatdı. Sonra psixoloji testlərə, yazılara diqqət yetirməyə başladım və bu maraq zamanla peşə seçimimə çevrildi.

Bu gün mənim əsas məqsədim insanların daxili dünyasını anlamaq və onlara psixoloji dəstək olmaqdır. Xüsusilə uşaqlar və qadınlarla işləyirəm. Qadınların daha çox dəstəyə ehtiyac duyduğunu görürəm və onlara kömək edə bildikdə özümü daha faydalı və mənalı hiss edirəm. Mənim üçün ən vacib olan, insanın özünü dəyərli hiss etməsinə və daxili gücünü kəşf etməsinə dəstək olmaqdır..

–   Azərbaycanda qadınların sizə ən çox müraciət etdiyi psixoloji və hüquqi problemlər hansılardır?

–   Qadınların psixoloji dəstək üçün müraciət səbəbləri arasında psixoloji zorakılıq, iqtisadi asılılıq və ya həddindən artıq iş yükü, münasibət problemləri (xüsusilə xəyanət), emosional tükənmə və xroniki stress, ailədaxili təzyiq və rol yüklənməsi(yaxşı gəlin,yaxşı ana gözləntiləri), postpartum psixoloji çətinliklər(doğuş sonrası psixoloji çətinlik), həmçinin keçmiş travmatik təcrübələr mühüm yer tutur. Bu faktorlar qadının psixoloji rifahını və özünədəyər hissini əhəmiyyətli dərəcədə zəiflədə bilir.”Qadın Birliyi”nin yaradılmasının əsas məqsədi qadınların hüquq şüurunun artırılması, psixoloji dəstəyin təmin olunması və onların sosial-iqtisadi baxımdan gücləndirilməsidir.”

–    Sizcə qadınların hüquqlarını bilməməsi onların həyatına necə təsir edir?

–    Hüquqi savadlılığın aşağı olması qadınlarda passiv uyğunlaşma və susqun davranışın formalaşmasına səbəb olur. Bu vəziyyət özünədəyər hissinin zəifləməsi, şəxsi sərhədlərin pozulması və xarici təsirlərə yüksək həssaslıqla müşayiət olunur. Nəticədə qadın öz seçim imkanlarını məhdud qavrayır və ‘məcburiyyət içində yaşamaq’ kimi idrak sxemləri formalaşır.Bu biliksizlik fonunda daxili psixoloji resursların azalması ilə paralel olaraq qərarvermə prosesində qeyri-müəyyənlik, tərəddüd və effektivliyin aşağı düşməsi müşahidə olunur. Hüquqi və psixoloji maarifləndirmə isə qadının özünü ifadə etmə, sərhədlərini qoruma və daha adaptiv qərarlar vermə qabiliyyətini gücləndirir.”

–  Ailə daxili zorakılığa məruz qalan qadın ilk olaraq nə etməlidir — psixoloqa müraciət etməli, yoxsa hüquqi addım atmalıdır?

–  Belə vəziyyətlərdə qadınlarda tək qalma və çarəsizlik hissi geniş müşahidə olunur. Bu mərhələdə əsas addım həmin emosional vəziyyətdə passiv qalmaq deyil, yardım axtarma davranışını aktivləşdirməkdir. İlkin prioritet təhlükəsizlikdir: risk mövcuddursa, hüquqi və qoruyucu mexanizmlər dərhal işə salınmalıdır.Bununla yanaşı, psixoloji dəstək paralel şəkildə zəruridir. Çünki effektiv qərarvermə və vəziyyətdən çıxış yollarının müəyyən edilməsi qadının daxili resurslarının, özünəinamının və psixoloji dayanıqlılığının gücləndirilməsi ilə birbaşa əlaqəlidir.”

–  Bir çox qadın hüquqları pozulduğu halda susur. Bunun əsas səbəbi nədir və bu qorxunu necə aşmaq olar?

–    Bir çox qadın hüquqları pozulsa da,istər fiziki,istərsə də psixoloji şiddətə məruz qalsa da danışmır,qorxur,çünki ona ailən üçün,övladların üçün dözməlisən,səbr etməlisən öyrədilib.Uşaqlıqdan formalaşan “susmaq yaxşıdır”inancı da bu davranışı gücləndirir.

Bu qorxunu aşmaq isə birdən-birə olmur.İlk addım qadın sakitləşməsi,öz hisslərini qəbul etməsi və “mən buna layiq deyiləm”deməsidir.Daha sonra psixoloji,sosial və hüquqi dəstək almaq bunu mümkün edir. Əgər qadınlar erkən yaşlardan etibarən düzgün şəkildə maarifləndirilsə, öz hüquqlarını və şəxsi sərhədlərini qorumağı öyrənsələr, münasibətlərdə yaşanan bir çox problemlərin qarşısı alınar. Bu prosesdə ailənin rolu xüsusilə vacibdir. Qız uşaqları ailə daxilində həm mənəvi, həm də maddi dəstək hissini real olaraq yaşamalıdır. Valideynlərin ‘nə olursa olsun sənin yanındayıq’ mesajını yalnız sözlə deyil, davranışla göstərməsi qadında güvənli bağlanma və özünə dəyər hissi formalaşdırır. Bu isə gələcək münasibətlərdə onun özünü qorumasına, sərhədlərini müəyyən etməsinə və qeyri-sağlam davranışlara qarşı daha dayanıqlı olmasına səbəb olur. Belə qadınlar nə özlərini əzdirməyə meylli olurlar, nə də qarşı tərəf onlara qarşı hörmətsiz davranmağı asan hesab edir. Çünki onların arxasında dayanan güclü bir sosial və emosional dayağın mövcudluğu hiss olunur.”

–  Sizcə qadın hüquqları məsələsində psixoloji dəstək nə dərəcədə vacibdir?

–  Qadın hüquqlarının pozulması hallarında yanaşma çox vaxt yalnız hüquqi müstəvidə məhdudlaşır. Halbuki hər bir hüquq pozuntusunun arxasında psixoloji travma yaşamış, özünə inamı zədələnmiş və səsi susdurulmuş bir fərd dayanır. Bu səbəbdən belə hallarda psixoloji dəstək paralel və zəruri müdaxilə istiqaməti kimi çıxış etməlidir.

Zorakılıq və haqsızlıqla qarşılaşan qadınlarda tez-tez emosional parçalanma, özünə dəyər hissinin azalması, qərarvermə çətinlikləri və özünü günahlandırma kimi reaksiyalar müşahidə olunur. Bu hallar travmatik təcrübələrin tipik psixoloji nəticələri hesab edilir. Xüsusilə susqunluğun formalaşması riskli mərhələdir, çünki uzunmüddətli susma davranışı qorxu və gücsüzlük hissini dərinləşdirir, nəticədə isə öyrənilmiş acizlik (learned helplessness) mexanizmini gücləndirir.

Psixoloji dəstək bu mərhələdə qadının emosional vəziyyətini tənzimləməyə, yaşadığı hisslərin normallaşdırılmasına və özünü günahlandırma meyllərinin azaldılmasına yönəlir. Eyni zamanda, bu proses qadının özünü dərk etməsinə, daxili resurslarını bərpa etməsinə və öz səsini yenidən tapmasına şərait yaradır.

Bu baxımdan psixoloji dəstək qadın hüquqları sahəsində yalnız yardımedici mexanizm deyil, həm də bərpa və dəyişimin başlanğıc nöqtəsidir. Çünki qadının güclənməsi təkcə hüquqlarını bilməsi ilə deyil, həm də öz dəyərini dərk etməsi və psixoloji dayanıqlılığının formalaşması ilə mümkündür.”

–   Boşanma prosesində qadınların ən çox yaşadığı psixoloji çətinliklər nələrdir?

Boşanma prosesi qadın üçün yalnız münasibətin sonlanması deyil, eyni zamanda psixoloji stress və adaptasiya çətinlikləri ilə müşayiət olunan kompleks bir mərhələdir. Bu dövrdə qadınlarda itki hissi, özünü günahlandırma, gələcəklə bağlı qeyri-müəyyənlik və sosial təzyiq kimi emosional reaksiyalar geniş müşahidə olunur.

Xüsusilə ‘Mən harada səhv etdim?’ kimi düşüncə nümunələri özünə dəyər hissinin azalmasına gətirib çıxarır. Tək qalmaq qorxusu, yeni həyat şəraitinə uyğunlaşma və iqtisadi asılılıq isə psixoloji gərginliyi daha da artırır. Bu faktorlar idarə olunmadıqda təşviş pozuntuları, xroniki stress, panik atak və depressiv simptomlar yarana bilər.

Bununla belə, boşanma düzgün psixoloji dəstək şəraitində yalnız itki deyil, həm də yenidənqurma və şəxsi inkişaf mərhələsi kimi dəyərləndirilə bilər. Bu proses qadının özünü yenidən tanımasına, daxili resurslarını aktivləşdirməsinə və psixoloji dayanıqlılığını gücləndirməsinə imkan yaradır.”

–    Cəmiyyətin qadınlara qoyduğu stereotiplər onların hüquqlarını müdafiə etməsinə necə təsir edir?

–   Gender stereotipləri qadınların öz hüquqlarını müdafiə etmə davranışına birbaşa, lakin çox vaxt dolayı və görünməyən mexanizmlər vasitəsilə təsir göstərir. Bu stereotiplər fərdin idrak sxemlərini formalaşdıraraq onun qərarvermə proseslərinə, davranış seçimlərinə və özünüdəyər hissinə təsir edir.”Səbirli olmalısan”, “ailəni qorumaq sənin borcundur”, “təkbaşına uşaqları necə böyüdəcəksən” kimi sosial mesajlar qadında passiv uyğunlaşma strategiyalarını gücləndirir və haqsızlıqlara dözümlülüyü normallaşdırır. Xüsusilə “el qınağı” və sosial qiymətləndirilmə qorxusu sosial təzyiq faktorları kimi çıxış edərək susqunluq davranışını möhkəmləndirir. Bu proses zamanla özünügünahlandırma, aşağı özünədəyər və öyrənilmiş acizlik kimi psixoloji nəticələrə səbəb ola bilər.

Bu səbəbdən stereotiplərin təsirinin azaldılması yalnız sosial dəyişikliklərlə deyil, eyni zamanda psixoloji maarifləndirmə və fərdi psixoloji müdaxilələrlə mümkündür. Qadının özünü günahkar deyil, dəyərli və hüquqlu bir fərd kimi qəbul etməsi onun hüquqlarını müdafiə etmə qabiliyyətini və psixoloji dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır.”

–  Keçirdiyiniz seminarların əsas məqsədi nədir və bu təlimlər qadınlara real olaraq nə qazandırır?

“Keçirdiyim seminarların əsas məqsədi qadınların özünü­dərk səviyyəsini artırmaq, daxili psixoloji resurslarını aktivləşdirmək və hüquqlarını daha şüurlu və effektiv şəkildə müdafiə etmə bacarıqlarını formalaşdırmaqdır.Bu təlimlər yalnız nəzəri məlumat ötürülməsi ilə məhdudlaşmır; eyni zamanda iştirakçılara gündəlik həyatda tətbiq oluna bilən praktik psixoloji bacarıqlar qazandırır. Seminarlar çərçivəsində qadınlar şəxsi sərhədlərin müəyyənləşdirilməsi və qorunması, assertiv ünsiyyət (o cümlədən “yox” demə bacarığı), emosional şüurluluq və emosiyaların tənzimlənməsi kimi əsas kompetensiyaları inkişaf etdirirlər.

Eyni zamanda bu proses özünəinamın güclənməsinə, qərarvermə bacarıqlarının inkişafına və özünədəyər hissinin dərinləşməsinə şərait yaradır. Nəticə etibarilə, iştirakçılar həm şəxsi həyatlarında, həm də sosial və hüquqi müstəvidə daha dayanıqlı, özünə güvənən və adaptiv davranış nümayiş etdirən fərdlərə çevrilirlər.”

–  Hüquqları pozulan, amma hələ də susan qadınlara nə demək istərdiniz?

Hüquqları pozulan, lakin susan qadınlara demək istərdim ki, susmaq qısa müddətdə qoruyucu kimi görünsə də, uzunmüddətli perspektivdə psixoloji zədələnməni dərinləşdirir və özünədəyər hissini zəiflədir. Qorxu, sosial təzyiq və tərk edilmə narahatlığı bu susqunluğu gücləndirə bilər, lakin heç bir qadın haqsızlığa dözməyə məcbur deyil.

Psixoloji baxımdan ilk addım özünüifadə və şəxsi sərhədlərin bərpasıdır. Bu prosesdə peşəkar dəstək qadının daxili resurslarını aktivləşdirərək onun özünə inamını və qərarvermə bacarıqlarını gücləndirir.

Unutmaq olmaz ki, bu prosesdə qadın tək deyil. Psixoloji dəstək strukturları – o cümlədən mütəxəssislər və sosial dəstək mərkəzləri – bu yolda müşayiətçi və gücləndirici rol oynayır.Eynilə də mən “Psixoloq Bilqeyis Səfərqızı, “Sabahgrow Dəstək Mərkəzi” və “Qadın Birliyi” olaraq biz qadınların yanında olmağa davam edəcəyik”

–   İşinizlə bağlı qarşıda hansısa yeniliklər gözlənilirmi?.

Psixologiya dinamik və davamlı yenilənən bir sahədir. Bu səbəbdən mütəxəssis olaraq həm nəzəri biliklərimi, həm də praktik yanaşmalarımı mütəmadi şəkildə inkişaf etdirməyə çalışıram. Hal-hazırda “Sabahgrow Dəstək Mərkəzi”ndə həyata keçirdiyim “Mobi Camp” layihəsi çərçivəsində məktəblilər üçün strukturlaşdırılmış inkişaf proqramı tətbiq olunur. Bu proqram uşaqların dərsdən sonra təhlükəsiz və dəstəkləyici mühitdə vaxt keçirməsini, akademik tapşırıqlarını nəzarətli şəkildə yerinə yetirməsini və paralel olaraq diqqət, məntiq, sosial bacarıqlar və emosional inkişaf sahələrində güclənməsini hədəfləyir. Proqrama həmçinin bədii oxu və fiziki aktivlik komponentləri daxil edilərək uşaqların ekran asılılığından uzaq, balanslı gündəlik rejim formalaşdırması təmin olunur.Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fərdiləşdirilmiş psixoloji proqramlar hazırlanır və hər bir uşağın fərdi ehtiyaclarına uyğun müdaxilə planı qurulur.

Gələcək planlarım psixoloji xidmətlərin həm fərdi, həm də ictimai səviyyədə daha sistemli və əlçatan şəkildə inkişaf etdirilməsinə yönəlib. Xüsusilə qadınlar və uşaqlarla bağlı paralel və bir-birini tamamlayan layihələrin həyata keçirilməsini hədəfləyirəm.

Qadınlarla bağlı əsas istiqamətim onların psixoloji gücləndirilməsi, özünədəyər hissinin formalaşdırılması və hüquq şüurunun artırılmasıdır. Bu məqsədlə psixoedukativ təlim proqramları, dəstək qrupları və fərdi psixoloji müşayiət sistemlərinin qurulmasını planlaşdırıram. Eyni zamanda zorakılığa məruz qalan və ya risk qrupunda olan qadınlar üçün bərpa və adaptasiya yönümlü proqramların hazırlanması da prioritetlərim sırasındadır.

Uşaqlarla bağlı layihələrdə isə əsas diqqət erkən yaşlardan emosional intellektin inkişafına, diqqət və davranış tənzimlənməsinə, sosial bacarıqların formalaşdırılmasına yönələcək. Bu çərçivədə məktəb və mərkəz əsaslı proqramların genişləndirilməsi, valideynlər üçün maarifləndirici təlimlərin təşkili və uşaqlar üçün təhlükəsiz psixoloji mühitlərin yaradılması planlaşdırılır. Məqsədim psixoloji dəstəyi yalnız fərdi xidmət kimi deyil, cəmiyyətin inkişafına töhfə verən sistemli bir modelə çevirməkdir. Bu istiqamətdə həm maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, həm də müxtəlif sosial layihələrlə daha geniş auditoriyaya çatmaq əsas hədəflərimdəndir.”

Bilqeyis Səfərqızının fikirləri göstərir ki, qadınların güclənməsi yalnız hüquqlarını bilməklə deyil, eyni zamanda psixoloji dayanıqlılıq və özünədəyər hissinin formalaşması ilə mümkündür. Onun həyata keçirdiyi layihələr və gələcək planları isə bu istiqamətdə mühüm addımlar vəd edir. Belə təşəbbüslər cəmiyyətdə daha sağlam fərdlərin formalaşmasına, qadınların öz səslərini daha inamla ifadə etməsinə və sosial ədalətin güclənməsinə töhfə verir.

İş yeri: Sabahgrow Dəstək Mərkəzi

Tel:  (+99455) 7104717

İnstagram:  psixoloq_bilqeyis_seferqizi

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir