Mehriban Arif qızı Əliyeva – müasir Azərbaycan cəmiyyətində qadın zəkası, humanizmi və liderliyini özündə təcəssüm etdirən parlaq bir simadır. Onun həyat yolu, fəaliyyəti və milli-mənəvi dəyərlərə verdiyi töhfələr təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Mehriban Əliyeva həm dövlətçilik təfəkkürü, həm də insanlara olan doğmalığı ilə yadda qalır.
1964-cü ilin 26 avqustunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Mehriban Əliyevanın formalaşmasında elmin, mədəniyyətin və yüksək mənəvi dəyərlərin böyük rolu olmuşdur. Atası – fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayev və anası – Şərqşünaslıq elminin görkəmli siması professor Aida İmanquliyeva onu zəngin elmi və mənəvi mühitdə böyütmüşlər. Bu mühit Mehriban xanımın gələcək fəaliyyət istiqamətlərini, həyat fəlsəfəsini və xalqına xidmət ruhunu formalaşdırmışdır.
Təhsilini Bakıdakı orta məktəbdən sonra Moskva Tibb Akademiyasında davam etdirən Mehriban Əliyeva həkim kimi elmi fəaliyyətə başlamış, oftalmologiya sahəsində çalışmışdır. Lakin onun potensialı, daxili enerjisi və əzmkar xarakteri onu təkcə tibb elminə deyil, daha geniş – ictimai, mədəni və siyasi fəaliyyətə yönəltdi. 1995-ci ildə təsis etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları” Fondu onun ictimai missiyasının ilk təməlini qoydu. Qısa müddətdə bu fond milli musiqi, ədəbiyyat və sənət irsinin beynəlxalq arenada tanıdılması üçün uğurlu layihələrə imza atdı.
2004-cü ildə yaradılan Heydər Əliyev Fondu isə Mehriban Əliyevanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Fondun rəhbəri kimi o, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, elm və ekologiya sahələrində genişmiqyaslı proqramlar həyata keçirdi. Minlərlə məktəbin, uşaq bağçasının və tibb müəssisəsinin tikintisi və bərpası, sosial müdafiəyə ehtiyacı olan ailələrə dəstək, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması onun humanist və uzaqgörən siyasətinin real təzahürləridir. Mehriban Əliyeva ölkənin regionlarını bir-bir gəzərək insanlarla birbaşa təmasda olmuş, onların problemlərini yerindəcə dinləmiş və praktiki həll yolları təklif etmişdir.
Mehriban xanımın milli irsimizin qorunub saxlanması və tanıdılması sahəsində gördüyü işlər xüsusi diqqətə layiqdir. Onun təşəbbüsü ilə təşkil olunan muğam festivalları, bərpa olunan məscidlər, tarixi abidələr və mədəniyyət mərkəzləri Azərbaycanın çoxəsrlik irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. UNESCO və ISESCO kimi nüfuzlu təşkilatlar tərəfindən xoşməramlı səfir statusuna layiq görülməsi də onun beynəlxalq humanitar arenada tanınmasının bariz göstəricisidir.
2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva bu yüksək və məsuliyyətli vəzifədə də xalqın etimadını doğrultdu. Dövlət siyasətinin sosial yönümlü istiqamətlərinə xüsusi diqqət göstərən Mehriban Əliyeva vətəndaş rifahı, ailə institutu, qadın hüquqları, uşaq müdafiəsi kimi sahələrdə davamlı və məqsədyönlü fəaliyyət aparır.
Mehriban Əliyevanın fəaliyyəti, eyni zamanda, zəriflik və gücün, mərhəmət və prinsipiallığın sintezidir. O, həm siyasətdə, həm də gündəlik həyatında qadının nə qədər təsirli bir qüvvəyə çevrilə biləcəyini nümayiş etdirir. Onun fəaliyyəti Azərbaycan qadınının müasir obrazını formalaşdırır: təhsilli, cəmiyyətin fəal üzvü, ailə dəyərlərinə sadiq, humanist və yaradıcı.
Bu gün Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə Edliyyeinfo.az redaksiyası adından onu səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, bitməz enerjili fəaliyyət və yeni-yeni uğurlar arzulayırıq. Mehriban xanımın xalq üçün etdiyi xidmətlər daim rəğbətlə və hörmətlə xatırlanacaq. Onun adı çağdaş Azərbaycanın inkişaf salnaməsinə qızıl hərflərlə yazılmışdır.