Edliyyeinfo.az: Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də istiqamət verir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə dahi dövlət xadimlərindən biridir. Onun adı müstəqil Azərbaycanın quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin təmin olunması ilə ayrılmaz şəkildə bağlıdır.

Bu gün Heydər Əliyevin doğum gününü qeyd edərkən, yalnız bir liderin həyat yoluna nəzər salmırıq. Biz eyni zamanda Azərbaycanın keçdiyi çətin və şərəfli inkişaf mərhələlərini xatırlayırıq. Çünki Ulu Öndərin həyat və fəaliyyəti bütövlükdə xalqın taleyi ilə sıx şəkildə bağlı olmuşdur.
1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır siyasi və iqtisadi böhran dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa edildi, dövlət institutları formalaşdırıldı və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Məhz həmin illərdə əsası qoyulan siyasi kurs bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri milli həmrəyliyin qorunması idi. O, hər zaman xalqına arxalanır, xalq isə ona inanırdı. Bu qarşılıqlı etimad Azərbaycanı regionun güclü və söz sahibi olan dövlətinə çevirdi. Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlət yalnız milli birlik, vətəndaş həmrəyliyi və sağlam idarəçilik prinsipləri üzərində qurula bilər.
Bu gün Azərbaycan Heydər Əliyev ideyalarının işığında inkişaf edir. Gənclərin vətənpərvər ruhda yetişməsi, dövlətə bağlılıq, milli-mənəvi dəyərlərin qorunması onun siyasi məktəbinin əsas istiqamətlərindəndir. Xüsusilə də müasir Azərbaycanın əldə etdiyi uğurlar Ulu Öndərin müəyyən etdiyi strateji yolun nə qədər doğru olduğunu bir daha sübut edir.
Heydər Əliyev təkcə siyasi lider deyildi. O, xalqını sevən, onun gələcəyini düşünən böyük bir şəxsiyyət idi. Buna görə də onun xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, fəaliyyəti isə gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Ulu Öndərin doğum günü yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün, eyni zamanda, dövlətçilik dərsinin, milli qürurun və Azərbaycançılıq ideologiyasının bir daha xatırlandığı mühüm bir gündür.
Vüsal Bayramov
Mediator




