“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı ilə ölkədə ilk dəfə “Təbiətin Dostları Festival”ı təşkil olunub. Tədbirdə 20 autizm spektr pozuntusu olan uşaq və onların valideynləri iştirak ediblər.
“Təbiətin Dostları Festivalı” layihəsinin əsas məqsədi benefisiar uşaqların sosial, emosional və zehni inkişafına dəstək göstərməkdir.
Təbiət mühitində təşkil olunan tədbirdə uşaqlar valideynləri ilə birlikdə müxtəlif ekoloji fəaliyyətlərə cəlb olunublar. Onlara heyvanlara, quşlara, ümumilikdə ətraf mühitə qayğı və sevgi göstərmək aşılanıb. Sonra uşaqlar quş və heyvanlar üçün evciklər quraşdırıb, rəngləyərək təbiətə hədiyyə ediblər.
Layihənin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva bildirib ki, ümumilikdə, əlilliyi olan uşaqlarla həyata keçirilən bu kimi fəaliyyətlər onların ünsiyyət bacarıqlarının inkişafına, diqqət və müşahidə qabiliyyətinin güclənməsinə, eyni zamanda cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. “Təbiətin Dostları” Festivalının fəsillər üzrə davamlı şəkildə, bölgələrdə də keçirilməsi planlaşdırılır. Əsas hədəf həssas qrupdan olan uşaqlarda empatiya, məsuliyyət və təbiətə sevgi hissinin formalaşdırmaqdır. Festival eyni zamanda valideynlər və cəmiyyət üçün maarifləndirici rol oynayır, belə uşaqlara qarşı daha həssas və dəstəkləyici sosial mühitin formalaşmasına xidmət edir”, – E.Dərziyeva əlavə edib.
Tədbir çərçivəsində, açıq səma altında, çəmənlik ərazidə Yoqa festivalı da təşkil olunub. Yoqaçı İlhamə Şirinova benefisiarlara və analara təlim keçib. Onlara təbiəti sevmək, onunla mərhəmətli davranmağı aşılayıb.
Sonra şair, qiraət ustası Səbuhi Zamanın aparıcılığı ilə konsert proqramı təşkil olunub. Autizm spektr pozuntulu uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Şeir deyib, müxtəlif çalğı alətlərində musiqilər ifa edib, oxuyub, oynayıblar.
Festivala qatılan “Azad” rəqs ansamblının kollektivi isə bir-birindən gözəl rəqs nömrələri ilə dostlarını təbrik ediblər.
Daha sonra uşaqlar təbiəti özündə əks etdirən çərpələngləri və sülhün, sevginin rəmzi olan ağ göyərçinləri səmaya uçurublar. Valideynlər onlara belə xoşbəxt günü yaşadan tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirblər.
Sonra tədbirin benefisiarları, UAFA təşkilatının Valideyin birliyinin sədri Zəhra Xələfova, “Azad” rəqs ansamblının rəhbəri Rəhim Babayev və üzvləri təltif olunublar.
Korporativ sosial məsuliyyət yönümündə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən şirkətlərə – Ganja Park Rezidence MTK-nın nümayəndəsi Ayxan Heydərova, “CPM” investisiya şirkətinin direktoru Nəriman Hadıyevə, “Amper” MMC-nin Marketinq departamentinin rəhbəri Rişad Səmədov, “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın, “Qardaşlar” Mebel QSC-nin Marketinq və kommunikasiya direktoru Arzu Salman, “YaaRa” tekstil şirkətinin rəhbəri Yaqut Bayram, SAİF boya şirkəti, “Günaydın” restoranlar şəbəkəsi və tədbirə ev sahibliyi edən “Omar” Atçılıq Klubunun nümayəndəsi Altun Zeynalova minnətdarlıq ifadə olunub, onlara təşəkkürnamələr təqdim edilib.





















