Info

Cərimələr və borclar – dövlət sizi məhkəməyə verə bilərmi?

Edliyyeinfo.az: Bəzən vətəndaşlar düşünür ki, ödənilməyən cərimələr və borclar “unudulur” və ya vaxt keçdikcə silinir. Əslində isə dövlətin və ya bankın sizi məhkəməyə vermək hüququ var – hətta bunun üçün müəyyən müddət də mövcuddur.

Dövlət hansı hallarda sizi məhkəməyə verə bilər?

Əgər siz:

Cəriməni vaxtında ödəməmisinizsə

Vergi borcunuzu gecikdirmisinizsə

Dövlət rüsumunu, kommunal borcu və ya kreditinizi ödəməmisinizsə
…bu zaman dövlət qurumu və ya rəsmi təşkilat məhkəməyə müraciət edə bilər.

Mülki Prosessual Məcəllə, maddə 44 və 45
İcra haqqında Qanun, maddə 16 və 31

 

Borcun silinməsi mümkündürmü?

Borc ödənilməsə belə, vaxtı keçmiş borc avtomatik silinmir.
Lakin iddia müddəti dediyimiz anlayış mövcuddur – bu müddət başa çatarsa, sizi məcbur ödətdirmək çətinləşir.

İddia müddəti – 3 ildir
Bu müddət ərzində dövlət və ya bank sizi məhkəməyə verməlidir. Əgər 3 il ərzində bu edilməzsə, siz məhkəmədə iddia müddətinin bitdiyini əsas gətirib ödənişdən yayınma hüququ əldə edə bilərsiniz.

Mülki Məcəllə, maddə 372 və 373

 

İcra şöbəsi nə zaman devrəyə girir?

Əgər məhkəmə borcun ödənilməsinə qərar verərsə, bu halda icra məmurları işi icraata götürürlər:

Əmlakınıza həbs qoyula bilər

Maaş və ya kart hesabınızdan pul tutulur

Xaricə çıxışınıza qadağa qoyula bilər

İcra haqqında Qanun, maddə 65, 66 və 85

 

“Cərimə çoxdandı, yaddan çıxıb” – təhlükəlidirmi?

Bəli! Hətta illər öncə yazılmış bir cərimə belə qeyri-rəsmi ünvana göndərilibsə və siz cavab verməmisinizsə, həmin cərimə sonradan böyüyüb əlavə faizlərlə geri qayıda bilər.

Özəlliklə:

Yol cərimələri

Vergi və bələdiyyə borcları

İctimai xidmət rüsumları (elektrik, su, qaz)
çox zaman elektron icraata keçir və xəbərsiz qalırsınız.

Borc və ya cərimə ödənilməzsə, dövlət və ya bank sizi məhkəməyə verə bilər. Məhkəmə qərarı əsasında isə icra məmurları əmlakınıza, maaşınıza və səyahət hüququnuzun məhdudlaşdırılmasına qədər gedə bilər. Bu səbəbdən borcların vaxtında ödənməsi, ödənilmirsə də iddia müddətini izləmək mühüm əhəmiyyət daşıyır.

Edliyyeinfo.az sizə hüquqi məsuliyyət və vətəndaş borcları haqqında dəqiq və sadə məlumat verməyə davam edir.

Hazırladı: Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir