Edliyyeinfo.az: Bir şəxsin vəfatından sonra mirasçıların bir neçəsi eyni əmlaka hüquq əldə edirsə, bu şərikli (ümumi) mülkiyyət sayılır. Lakin bu vəziyyətin öz hüquqi incəlikləri və mübahisəli tərəfləri olur. Bəs belə halda miras necə bölünür?
Miras necə keçir?
Vərəsəlik qanunla və ya vəsiyyətlə təyin olunur. Əgər bir neçə şəxs eyni əmlaka hüquq əldə edibsə, onlar həmin əmlaka şərikli mülkiyyətçi kimi sahib olurlar.
Mülki Məcəllə, maddə 1142 və 1143
Şərikli mülkiyyət nə deməkdir?
Əgər bir mənzil, torpaq sahəsi və ya digər əmlak birdən çox vərəsəyə çatırsa, bu əmlak üzərində onların hissə payı müəyyən edilmədən ümumi mülkiyyəti yaranır. Yəni heç kim konkret otaq və ya hissə üzrə “mənimdir” deyə bilməz.
Mülki Məcəllə, maddə 218 və 221
Miras necə bölünür?
Razılaşma ilə bölüşdürmə
Ən sadə və sürətli yol – mirasçıların öz aralarında razılığa gəlməsidir. Notarial qaydada bölüşdürmə müqaviləsi bağlanaraq, hər kəs öz payını alır.
Məhkəmə yolu ilə bölgü
Razılaşma mümkün deyilsə, istənilən vərəsə məhkəməyə müraciət edərək bölgü tələb edə bilər. Bu halda məhkəmə əmlakı bölür və ya satışını qərara alır.
Mülki Məcəllə, maddə 222 və 225
Evi və ya torpağı hissə-hissə bölmək olmursa?
Bəzi hallarda əmlak (məsələn, mənzil) fiziki olaraq bölünə bilməz. Bu halda:
Əmlak bir mirasçıya verilir, digər vərəsələrə pul ekvivalenti ödənir.
Yaxud əmlak satılır, satışdan gəlir hissələr üzrə bölünür.
Mülki Məcəllə, maddə 228 və 230
Kimsə bölünməyə razı deyilsə?
Heç bir mirasçı digərinin iradəsi olmadan onu öz payından məhrum edə bilməz. Amma əgər tərəflərdən biri digərini mirasdan istifadə etməyə qoymursa, bu zaman o, qanunsuz sahibliyə görə məsuliyyət daşıyır və məhkəmə vasitəsilə bölüşdürmə aparılır.
Şərikli əmlakdan gəlir götürülürsə?
Əgər mülkiyyətin bir hissəsini bir vərəsə icarəyə verirsə və gəlir götürürsə, bu halda qalan vərəsələrin də haqqı tanınır – gəlir ümumi hissəyə əsasən bölünməlidir.
Şərikli mirasçılıq zamanı əmlakın bölgüsü razılaşma və ya məhkəmə yolu ilə həyata keçirilə bilər. Əsas prinsip – ədalətli və hüquqa uyğun paylaşmadır. Mirasdan doğan hüquq, şəxsin rəsmi vərəsə kimi tanınması ilə başlayır və əmlak payı hüququ qanunla qorunur.
Edliyyeinfo.az sizi miras hüququ sahəsində də maarifləndirməyə davam edir.
Hazırladı: Fatmə Elnurqızı
Edliyyeinfo.az