Info Sənədlər

Xəyanət sübutdursa boşanma və əmlak bölgüsünə təsiri varmı?

Ailə pozulur, amma hüquqlar necə bölünür?

Ailə qurularkən heç kim onun dağıla biləcəyini düşünmür. Lakin bəzi hallarda xəyanət – həm şəxsi, həm də sosial sarsıntıya çevrilir. Və insanlar haqlı olaraq düşünür:
“Əgər həyat yoldaşım xəyanət edibsə, məhkəmə bunu nəzərə alacaqmı? Əmlakdan pay ala biləcəkmi?”

Edliyyeinfo.az olaraq bu suala Ailə Məcəlləsinin maddələri və real hüquqi praktika əsasında cavab veririk.

Qanun nə deyir – Ailə Məcəlləsində xəyanət varmı?

Azərbaycan Respublikasının Ailə Məcəlləsi, xüsusilə:

Maddə 32 – Nikah dövründə əldə edilən əmlakın ümumi mülkiyyət olduğunu,

Maddə 33 – Nikahdan əvvəl və şəxsi əşyaların fərdi mülkiyyət olduğunu bildirir.

Amma Məcəllədə xəyanətə görə əmlakdan məhrum etmə mexanizmi YOXDUR.

Bu o deməkdir ki, kimin xəyanət etdiyi, əmlak bölgüsündə hüquqi əsas deyil. Əgər ev, avtomobil və ya digər mülkiyyət nikah dövründə birgə əldə olunubsa – fərq etməz, bölünür. Xəyanət bu bölgünü dəyişmir.

Sübut edilsə belə, fərq yaratmır?

Bəli, xəyanət sübut olunsa da, bu, əmlak payına birbaşa təsir etmir.

Məhkəmə əmlakla bağlı qərar verərkən yalnız sənədlər və faktiki mülkiyyət iştirakını nəzərə alır.

Yəni emosional zərbə hüquqi nəticə doğurmur.

Bəs xəyanətin hüquqi nəticəsi tam yoxdurmu?

Tamamilə yox demək də olmaz. Xəyanətin digər sahələrdə hüquqi nəticələri ola bilər:

Əgər xəyanət şəxsi həyatın pozulması, təhqir, şantaj, kompromat yayımı ilə müşayiət olunubsa – bu artıq Cinayət Məcəlləsinin 156, 147 və 148-ci maddələri ilə qiymətləndirilə bilər.

156. Şəxsi və ailə sirrinin yayılması
147. Böhtan, 148. Təhqir

Bundan əlavə, xəyanət uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərirsə, bu hal valideyn hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.

Edliyyeinfo.az-ın hüquqi xülasəsi:

Xəyanət təkcə mənəvi pozuntu sayılır – əmlak hüququna birbaşa təsiri yoxdur.

Əmlak yalnız sahibliyə və əldə edilmə tarixlərinə əsasən bölünür.

Əgər xəyanət şəxsi məlumatların yayılması, təhqir və ya zor tətbiqi ilə müşayiət olunubsa – mülki və ya cinayət məsuliyyəti yarana bilər.

Əgər uşaqlar varsa, bu davranış uşağın kimin yanında qalacağı ilə bağlı qərara təsir göstərə bilər.

Edliyyeinfo.az olaraq tövsiyə edirik:
Boşanma prosesində emosiyalara deyil, qanunlara güvənin. Hüquqi müdafiə üçün real sübutlara əsaslanın, hüquqlarınızı qorumaq üçün vəkil və ya hüquqşünasla məsləhətləşin.

 

Hazırladı:  Jalə Asiman

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir